Çox işləmək həmişə uğur deyil Psixoloqdan açıqlama

01.09.2026

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İnsanların gün ərzində daim məşğul olması bəzən məhsuldarlıq göstəricisi kimi qəbul edilir. Lakin bəzi hallarda insanın özünü davamlı olaraq işə və müxtəlif fəaliyyətlərə yönəltməsi başqa səbəblərlə bağlı ola bilər.
Daim məşğul olmaq həqiqətən məhsuldarlıq göstəricisidir, yoxsa insanın problemlərdən və öz düşüncələrindən qaçma üsulu ola bilər?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən psixoloq Zümrüd Əsədova söyləyib ki, daim məşğul olmaq həmişə məhsuldarlıq demək deyil:
"Bəzən insan o qədər çox iş görür ki, əslində özündən qaçır. Məhsuldarlıqla məşğulluq arasında mühüm fərq var. Məhsuldarlıq bizi konkret nəticəyə aparır, məşğulluq isə bəzən sadəcə hərəkətdə saxlayır. İnsan gün ərzində yüz iş görə bilər, amma axşam özünə “Mən bu gün əslində nə etdim?” sualını verəndə cavabı olmaya bilər. Bəzən insanın daim nəsə etməyə ehtiyac duymasının altında narahatlıq, boşluq hissi, öz düşüncələri ilə tək qalmaq qorxusu və ya həll etmək istəmədiyi bir məsələ dayana bilər. Çünki dayandığımız zaman içimizdəki səslər daha aydın eşidilir. İş, görüşlər, telefon, sosial media, planlar, bütün bunlar bəzən həmin səsi eşitməmək üçün yaratdığımız səs-küyə çevrilir. Amma burada “çox işləyən hər kəs özündən qaçır” demək də doğru olmaz. Bəzi insanlar həqiqətən yaradıcıdır, enerjilidir və çox şey etməyi sevir", - deyə psixoloq bildirib.
Onun fikrincə, əsas sualın "Mən bunu seçərək edirəm, yoxsa dayanmağa dözə bilmədiyim üçün edirəm?" olduğudur.
"İnsan istədiyi zaman dayana bilirsə, istirahət edə bilirsə, heç nə etmədən özü ilə qala bilirsə və buna görə günahkarlıq hiss etmirsə, bu, daha çox sağlam aktivliyə bənzəyir. Amma insan boş qalanda narahat olur, özünü dəyərsiz hiss edir və dərhal yeni bir iş tapmağa məcbur olur. Bu zaman artıq məşğulluğun emosional funksiyasına baxmaq lazımdır. Məncə, bəzən insanın özünə verə biləcəyi ən vacib sual “Bu gün nə qədər iş gördüm?” deyil, “Mən nəyin uğrunda bu qədər məşğulam?” sualıdır", - deyə Zümrüd Əsədova sözlərini bitirib.
Fidan Hacızadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью