Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək. 2027-ci il mayın 12-nə planlaşdırılan matç Gəncə şəhər stadionunda oynanılacaq.
Ev oyunlarını bu arenada keçirən “Kəpəz”in futbolçusu Vadim Abdullayevlə mövzu ilə bağlı danışdıq:
– Kubokun finalı ilk dəfə Gəncədə olacaq. Qərara münasibətiniz necədir?
– Fanatlar üçün böyük futbol bayramı olacaq. Düşünürəm ki, hazırda final üçün ən uyğun və gözəl məkan Gəncə stadionudur. Burada atmosfer tamam fərqli olur.
– Bu qərarla “Kəpəz”in kubokda final motivasiyası artacaq. Sizcə, komandanın bu potensialı var?
– Çox istəyirik ki, finalçılardan biri biz olaq. Necə olacağını zaman göstərəcək. Amma həqiqətən də, azarkeşlərimiz önündə final oynamağı çox arzulayırıq.
– Komanda bu mövsüm çempionatda qazandığı 2 qələbəni də məhz bu arenada əldə edib.
– Gəncədə böyük azarkeş kütləsi var. Futbolçular məsuliyyəti dərk edir və çalışırıq ki, fanatlarımızı sevindirək. Belə atmosferdə oynamaq böyük stimuldur. Qələbələrdə azarkeşlərimizin də payı var. İnanıram ki, birlikdə olsaq və çox çalışsaq, istədiyimiz uğurlara imza ata bilərik.
Şahin Cəfərov