Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ” Çempionlar Liqasının liqa mərhələsindəki son oyunu dünyanın ən populyar, möhtəşəm stadionlarından biri “Enfild”də keçirdi.
Liverpula ezam olunanlar arasında İTV-nin şərhçisi Tural Dadaşov da var idi. Tural bəy də “Enfild”də “debüt etdi”. Bu stadion ona hansı hissləri ötürdü? Matçı ən yaxından izləyənlərdən biri idi. Oyun haqda ümumi fikirləri necədi?
Suallara tapmaq üçün ən sevilən şərhçilərdən biri ilə əlaqə saxladıq:
“Enfild” deyildiyi qədər də var. Həm jurnalist, həm də şərhçi kimi təcrübəmdə çox stadion olub. Əvvəlki səfər qarşılaşmasını Neapolda - “Dieqo Armando Maradona” stadionunda, AÇ-2024-in finalını - İngiltərə - İspaniya qarşılaşmasını Berlin Olimpiya Stadionunda şərh etmişəm. Jurnalist kimi də kifayət qədər nəhəng arenalarda olmuşam. DÇ-2014-ün finalında - Almaniya – Argentina qarşılaşmasında Rio-de-Joneyroda “Marakana”da, London Olimpiadanın finalında “Uembli”də olmuşam. Amma “Enfild” tam fərqlidi. Məsələyə futbol tərəfdən yanaşsaq, insanların oyuna yanaşması, azarkeşlərin stadionda yaratdığı atmosfer – bunlar illərdi, onillərdi formalaşıb. Mən şərhçi kimi oturub baxıram, indi görün futbolçular meydançada hansı hissləri keçirir. 1300 nəfər azarkeşimiz də gəlmişdi. Sağ olsunlar. Müxtəlif ölkələrdən gəlmişdilər, sona qədər dəstək oldular. Oyunun nəticəsi yaxşı olmasa da, məncə, Azərbaycan futbol tarixinin ən böyük uğuru əldə olundu. Bir əsrə yaxın yaşı olan futbolumuzun ən böyük uğuru “Qarabağ”ın bu nailiyyətidi - birmənalı şəkildə belədi. Oyunsonrası mətbuat konfransında Qurban Qurbanova sual verdim ki, futbolçular paltardəyişmə otağında hansı hissləri keçirir, pley-offu qeyd edirlər, yoxsa məğlubiyyətə üzülürlər? Dedi ki, əlli-əlliyədi. Hisslər qarışıb. Təbii ki, istəməzdik belə hesab olsun. Futbolçular Qurban müəllimə hər şeyi danışıblar. Ola bilər ki, futbolçular yaradılan atmosferdən tam çıxa bilmədilər. Yekunda belə hesab alındı. Şərhdə də, Qurban müəllimin mətbuat konfransında da dedim ki, döyüşü uduzduq, vacib olan müharibəni qazandıq. Pley-offa yüksələ bildik. Potensial rəqiblərimiz də məlumdu. “Nyukasl” olsa, daha yaxşı olar. Düzdü, PSJ-ə qarşı da oynamaq olar, amma çətindi. “Nyukasl” daha uyğun rəqibdi. Onda nəyəsə ümid etmək olar. Hər halda, xeyirlisi”.