525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Mənzil bazarında qiymətləri müəyyən edən başlıca amil tələbin yüksək olmasıdır. Tələb aşağı olarsa, qiymətlər də enə bilər. Kirayə qiymətlərinin əhalinin gəlirləri ilə müqayisədə yüksək olması vətəndaşların sosial vəziyyətinə ciddi mənfi təsir göstərir. Gəlirlərin böyük hissəsinin kirayəyə xərclənməsi insanların digər ehtiyaclarını qarşılamaq imkanlarını məhdudlaşdırır».
İqtisadçı ekspert Xalid Kərimli bunu 525.az-a bildirib. Ekspert qeyd edib ki, gələcəkdə Bakıda kirayə mənzil qiymətlərinin daha da artacağını düşünürəm. Çünki paytaxtda yaşamaq, işləmək və təhsil almaq istəyənlərin sayı yüksək olaraq qalacaq. İqtisadi artımla yanaşı, insanların investisiya imkanlarının genişlənməsi də mənzil qiymətlərinə təsir edəcək:
“Bu baxımdan, kirayə qiymətlərinin aşağı salınmasının əsas yolu mənzil tikintisinin artırılmasıdır. Xüsusilə çoxmərtəbəli yaşayış binalarının inşasına ehtiyac var. Lakin Bakı mərkəzində boş torpaq sahələrinin azalması, tıxaclar və infrastrukturun yüklənməsi tikinti imkanlarını məhdudlaşdırır. Buna görə də paytaxtın ətraf ərazilərə doğru genişləndirilməsi və həmin ərazilərdə yaşayış infrastrukturunun inkişaf etdirilməsi vacibdir".
Sevinc Qarayeva