Çoxuşaqlı ailələrdə böyüyən uşaqların emosional inkişafı

05.11.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Çoxuşaqlı ailələrdə və ya nənə-baba yanında böyüyən uşaqların psixologiyası aqressivlik, kəmhövsəlilik, kaprizlər, istədiyini əldə edə bilmədikdə çox ağlaması və s. əlamətlərlə özünü göstərir. Həmin halların hər dəfə nənə-baba tərəfindən müdafiə olunduğu, istədikləri edildiyi üçün uşaqlarda bir sıra xoşagəlməz  fikirlər formalaşır. Növbəti dəfə arzu və istəklərini sözlə çatdırmaq əvəzinə əşyaları dağıdaraq və ya ağlayaraq, qışqıraraq tələb etməyə başlayır. Həmin situasiyada ailə üzvlərinin ortaq məxrəcə gəlməsi, bir-birini dinləməsi vacib məqamdır. 

Bu fikirləri  Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova səsləndirib.

Psixoloqun dediyinə görə, analar uşağın indiki davranışlarının gələcək nəticələrinə daha çox fokuslandığı üçün fərqli düşünürlər. Ona görə də öz övladının tərbiyəsində daha tələbkar və uzaqgörən davranmağa çalışırlar. Yəni, qaydaların hamı tərəfindən qəbul olunması və yerinə yetirilməsi tələb olunmalıdır. Məsələn, uşağın vaxtında yatağa uzanması, yatağında və ya oyun oynayaraq yemək yeməsinə icazə verilməməsi, hər kəsin masada əyləşərək yemək yeməsi nail olmaq və s. Valideynlər nənə və babadan uşaq kaprizlər etsə belə, qoyulan qaydaların pozulmamasını nənə-babalardan xahiş etməli və bu məsələdə mütləq ortaq məxrəcə gəlməlidir. Belə olduqda nənə-baba da nəvəsinin tərbiyəsinə ata-ana ilə eyni  mövqedən yanaşacaqlar.

“Burada nənə və babaların belə davranmasının altında əslində psixoloji faktorlar dayanır. Məsələn, nənə-bab şüuraltı olaraq ömrünün çox hissəsinin ötüb keçsiyini və  nəvələri ilə istədiyi kimi vaxt keçirməyi, onun istədiklərini yerinə yetirməyi və nəvəsinin yaddaşında xoş xatirələrlə qalmağı düşünür.  Belə olanda nənə-baba himayəsi ilə kiçik yaşlardan ərköyün, şıltaq böyüyən uşaqlar sonrakı yaşlarda  daha çox problem yaşayır, cəmiyyətdə çətinliklərlə üzləşir və həyatın sınaqlarına hazır olmurlar. Artıq bir müddət sonra onlar nənə-babanı da yanalrında “görmür”, onların himayəsini hiss eləmir və bunun nəticəsində  davranış pozuntuları  yaranır,gələcəkdə  onların hərəkətlərində aqressiv davranışlar və s. müşahidə olunur. Hətta nənə-baba ilə yatan uşaqlar var və ona yol vermək məsləhət görülmür. Belə olan halda uşağın nənə-baba ilə emosional bağlılığı daha da artır və onların fikirlərinə, sözlərinə valideyninkilərdən daha çox əməl etməyə çalışır. Bu da bir müddət sonra valideyn-övlad münasibətlərində gərginləşməyə gətirib çıxara bilər. İstər nənə-baba, istərsə də ata-ana kimi uşağa olan sevgimizi nəzarətdə saxlamağı bacarmalıyıq ki, o, ətrafı ilə düzgün münasibət qura və şəxsiyyət kimi inkişafını tamamlaya bilsin,” - deyə psixoloq Yeganə Əsgərova söhbətə yekun vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью