Çoxvektorlu və balanslaşdırılmış xarici siyasəti rəsmi Bakını mühüm aktora çevirir ŞƏRH

28.01.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 28 yanvar, AZƏRTAC

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi ziddiyyətlərin dərinləşdiyi, yeni çağırışların meydana çıxdığı bir dövrdə Azərbaycanın həyata keçirdiyi çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursu ölkəmizin milli maraqlarının etibarlı şəkildə qorunmasını təmin etməklə yanaşı, regionda və daha geniş coğrafiyada sabitliyin, əməkdaşlığın, qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfələr verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu strateji xətt rəsmi Bakıya çevik diplomatik manevrlər etmək, müxtəlif güc mərkəzləri arasında tarazlığı qorumaq və regional münasibətlərin tənzimlənməsində aparıcı aktor kimi çıxış etmək imkanı yaradır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycanın çoxvektorlu xarici siyasətinin əsas üstünlüklərindən biri ölkənin hər hansı bir siyasi və ya hərbi-siyasi mərkəzdən asılı vəziyyətə düşməsinin qarşısını almasıdır: “Rəsmi Bakı Qərb ölkələri, Rusiya, ABŞ, Asiya və Yaxın Şərq dövlətləri ilə paralel və balanslı əməkdaşlıq quraraq maraqların toqquşması deyil, uzlaşdırılması prinsipindən çıxış edir. Bu yanaşma Azərbaycanın beynəlxalq arenada müstəqil və prinsipial mövqeyini daha da möhkəmləndirir. Xüsusilə regionda sülh və təhlükəsizliyin təmin olunması Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biridir. Bu baxımdan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar diqqətəlayiqdir. Rəsmi Bakı postmünaqişə dövründə regional münasibətlərin sağlam əsaslar üzərində qurulması, sülh sazişinin imzalanması və uzunmüddətli sabitliyin təmin olunması üçün ardıcıl və konstruktiv mövqe nümayiş etdirir. Azərbaycanın bu prosesdə beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə əsaslanan yanaşması regionda davamlı sülhün real perspektivlərini formalaşdırır.

Bu kontekstdə Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır. Sözügedən layihə yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqənin bərpası deyil, eyni zamanda, regionun nəqliyyat və logistika xəritəsinin yenidən formalaşması deməkdir. Zəngəzur dəhlizi Cənubi Qafqazı beynəlxalq nəqliyyat marşrutlarının mühüm halqasına çevirərək regional əməkdaşlığı gücləndirir, iqtisadi inteqrasiyanı sürətləndirir və sülhə xidmət edən qarşılıqlı asılılıq mühitini yaradır”.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycanın balanslaşdırılmış xarici siyasəti təkcə regional deyil, qlobal miqyasda da öz əksini tapır: “Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirakı ölkəmizin beynəlxalq sülh və təhlükəsizlik təşəbbüslərində fəal rol oynadığını bir daha nümayiş etdirir. Bu addım Azərbaycanın qlobal dialoqa, münaqişələrin sülh yolu ilə həllinə və çoxtərəfli əməkdaşlığın təşviqinə verdiyi önəmin bariz nümunəsidir.

Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsindəki fəaliyyəti ölkəmizin müstəqil və prinsipial xarici siyasət kursunun mühüm göstəricisidir. Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə Azərbaycan beynəlxalq ədalət, suverenlik və bərabərlik prinsiplərini ardıcıl şəkildə müdafiə edib, inkişaf etməkdə olan ölkələrin maraqlarının beynəlxalq platformalarda səsləndirilməsinə mühüm töhfələr verib. Bu fəaliyyət Azərbaycanın qlobal Cənubda nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.

Bununla yanaşı, Azərbaycanın bir sıra beynəlxalq siyasi, iqtisadi, humanitar və mədəni tədbirlərə ev sahibliyi etməsi ölkəmizin etibarlı tərəfdaş və dialoq platforması kimi rolunu daha da gücləndirir. Bu tədbirlər müxtəlif ölkələr və mədəniyyətlər arasında körpülərin qurulmasına, qarşılıqlı anlaşmanın və əməkdaşlığın dərinləşməsinə xidmət edir, Azərbaycanın “yumşaq güc” imkanlarını genişləndirir”.

S.Salmanova qeyd edib ki, Azərbaycanın çoxvektorlu və balanslaşdırılmış xarici siyasəti rəsmi Bakıya geniş diplomatik manevr imkanları açmaqla yanaşı, regional münasibətlərin tənzimlənməsində və qlobal təşəbbüslərdə ölkəmizi sabitlik yaradan, əməkdaşlığı təşviq edən mühüm aktora çevirir. “Bu siyasət həm Cənubi Qafqazın gələcəyi, həm də Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi baxımından strateji əhəmiyyət daşıyır”, - deyə deputat əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью