Cozef Rountri Fondu: Britaniyada “çox dərin yoxsulluq” rekord həddə çatıb

27.01.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 27 yanvar, AZƏRTAC

Böyük Britaniyada yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Hazırda təxminən 6,8 milyon insan “çox dərin yoxsulluq” içində yaşayır ki, bu da son otuz ildə ən yüksək səviyyədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Cozef Rountri Fondunun çərşənbə axşamı dərc etdiyi hesabatda bildirilib. Qeyd olunub ki, “dərin yoxsulluq” kateqoriyası mənzil xərclərindən sonra gəliri Böyük Britaniyanın orta gəlirinin 40%-dən az olan ailələrə aid olunur ki, bu da iki azyaşlı uşağı olan cütlük üçün ildə təxminən 16.400 funt sterlinq (22.446,68 dollar) təşkil edir.

Böyük Britaniyada yoxsulluğun aradan qaldırılmasına yönəlmiş tədqiqat aparan Fondun hesabatında bildirilir ki, Krallıqda ümumi yoxsulluq səviyyəsi 1994-1995-ci illərdəki 24%-dən 2023-2024-cü illərdə 21%-ə qədər azalıb, lakin “çox dərin yoxsulluq” 8%-dən 10%-ə qədər artaraq hazırda maddi problemlərdən əziyyət çəkən insanların demək olar ki, yarısını təşkil edir.

Hesabatda uşaq yoxsulluğunun da artdığı, məhrumiyyət içində yaşayan azyaşlıların sayının ardıcıl üçüncü dəfə çoxalaraq 4,5 milyona çatdığı aşkar edilib.

Ötən ilin noyabr ayında maliyyə naziri Reyçel Rivz 2026-cı ilin aprelindən etibarən sosial müavinətlər üzrə ikiuşaqlılıq limitini qaldırmaq qərarına gəlib. Rəsmilər bu addımın 3,1 milyard funt sterlinqə başa gələcəyini və ailələr üçün müavinətləri artırmaqla uşaq yoxsulluğunu azaltmağı hədəflədiyini təxmin edirlər.

Hesabata görə, əlilliyi olan insanlarla yanaşı, uşaqlar da yoxsulluqdan qeyri-mütənasib şəkildə təsirlənməyə davam edir, bəzi azlıq qrupları isə daha yüksək kasıblıq səviyyəsi ilə üzləşir.

Yoxsulluğa qarşı mübarizə aparan “Big Issue” xeyriyyə təşkilatının təsisçisi Con Berdin sözlərinə görə, nəticələr cəmiyyət üçün pis xəbərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью