Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Cüdo yığmamız Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində tarixi uğura imza atıb.
"Football-plus.az" xəbər verir ki, idmançılarımız Özbəkistanın paytaxtından vətənə 7 medalla qayıdıb. Yarışın son gügündə ağır çəki dərəcəsində (+100 kq) mübarizə aparan Kənan Nəsibov turnirin ən böyük sürprizlərindən birini reallaşdırıb. Gənc cüdoçu finalda Özbəkistanın dünya və olimpiya mükafatçısı Əlişir Yusupovla qarşılaşıb. Rəqibini öz azarkeşləri önündə məğlub edən Nəsibov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəki dərəcəsində çıxış edən digər təmsilçimiz Camal Qamzatxanov da günü medalsız başa vurmayıb. O, bürünc medal uğrunda görüşdə qazaxıstanlı Yerassıl Kajıbayevi sınağa çəkib. Rəqibinə qalib gələn Qamzatxanov turnirin bürünc mükafatçısı olub.
Qeyd edək ki, daha əvvəl Murad Fətiyev (90 kq), Ömər Rəcəbli (81 kq), Əhməd Yusifov (60 kq) qızıl, Balabəy Ağayev (60 kq) gümüş, Zelim Kotsoyev (100 kq) isə bürünc medal qazanıb.
Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Daşkənddə 7 medal qazanan millinin üzvlərini təbrik edib. O, bu barədə “X” hesabında paylaşım edib. Nəbiyev cüdoçuları əlamətdar nailiyyət münasibətilə təbrik edərək, onlara növbəti yarışlarda uğurlar arzulayıb. Xatırladaq ki, Daşkənddə dörd qızıl, bir gümüş və iki bürünc olmaqla ümumilikdə yeddi medal qazanan Azərbaycan cüdoçuları komanda hesabında 2-ci, kişilərin mübarizəsində isə 1-ci yeri tutub.
Bu arada olimpiya, dünya və 4 qat Avropa çempionu Hidayət Heydərovun Daşkənddə tatamiyə çıxmamasının səbəbi müəyyənləşib. Bu barədə Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, 29 yaşlı idmançı yarışdan öncə çəkisini çıxış etməli olduğu 73 kq-a sala bilməyib. Nəticədə o, çəkiölçmə mərasimindən keçə bilməyib və yarışı buraxmalı olub. Federasiya daxili intizam qaydalarına uyğun olaraq, Hidayət Heydərov barədə müvafiq tədbir görüb. Hidayət 73 kq çəkidə ilk görüşünü hindistanlı Arun Kumara qarşı keçirməliydi.