Cüdoçularımız Avropada 2 ci oldular

13.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Noyabrın 11-12-də paytaxtımız daha bir beynəlxalq yarışa – eşitmə qabiliyyəti məhdud olan idmançılar arasında cüdo üzrə Avropa çempionatına uğurla ev sahibliyi edib.

Bakı İdman Sarayında təşkil olunan yarışda 12 ölkədən 77 (52 kişi, 25 qadın) idmançı medallar uğrunda mübarizə aparıb. İki gün davam edən qitə yarışında Azərbaycan komandası 9 kişi cüdoçu ilə təmsil olunub. Cüdoçularımız çempionatda uğurla çıxış edərək 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Yığmamızın üzvlərindən Coşqun Əliyev (60 kq) və Xalid Məmmədov (66 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıblar. Aydın Əzizov (81 kq) gümüş, Eltun Məmmədov (73 kq) isə bürünc medala sahib çıxıb.

Bu nəticə ilə Azərbaycan komandası kişilər arasında medal sıralamasında ikinci yeri tutub. Yarışın lideri 2 qızıl, 4 gümüş və 5 bürünc medalla Rusiya yığması olub. Üçüncü pillədə isə 2 qızıl medal qazanan Fransa komandası qərarlaşıb.

Beləliklə, 2 gün davam edən Avropa çempionatı Azərbaycan idmançılarının uğurlu çıxışı ilə yadda qalıb. Qazanılan medallar ölkəmizdə deflimpiya idmanının inkişafı və beynəlxalq arenada təmsilçilərimizin uğurlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qabil YUSİFOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью