Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin son yarış günündə Azərbaycan millisinin altı üzvü tatamiyə çıxıb.
İdman.Biz xəbər verir ki, təmsilçilərimizdən Zelim Kotsoyev, Murad Fətiyev və Kənan Nəsibov 1/4 finala yüksəlib.
100 kq çəkidə çıxış edən Olimpiya çempionumuz Zelim Kotsoyev turnirə inamlı başlayıb. O, ilk görüşdə koreyalı Sonqcu Hanı ipponla məğlub edib. Kotsoyev növbəti mərhələdə slovakiyalı Bencamin Mataseyeni də mükəmməl ipponla üstələyərək 1/4 finala adlayıb. Cüdoçumuz bu raundda rusiyalı İdar Bifovla qarşılaşacaq.
90 kq-da Murad Fətiyev də uğurlu çıxışı ilə diqqət çəkib. O, 1/16 finalda Bəhreyn təmsilçisi İsrapil Saqaipova ipponla qalib gəlib. Ardınca amerikalı Con Ceyni yuko xalı ilə məğlub edən Fətiyev 1/4 finala vəsiqə qazanıb.
+100 kq-da Kənan Nəsibov əvvəlcə polşalı Yakub Sordili ipponla məğlub edib. Daha sonra BƏƏ idmançısı Maqomedomar Maqomedomarova qalib gələn cüdoçumuz növbəti 1/4 finalçımız olub.
Qadınların +78 kq çəkisində Madina Kaisinova da ilk görüşünü qələbə ilə başa vurub. O, qazaxıstanlı Akerke Ramazanovanı məğlub edərək növbəti mərhələyə yüksəlib. Kaisinova 1/8 finalda israilli Yuli Alma Mişinerə məğlub olaraq mübarizəni dayandırıb.
Digər cüdoçularımızdan Camal Qamzatxanov (+100 kq) çinli Hayyanq Liyə, Aslan Kotsoyev (90 kq) isə çexiyalı Adam Kopeçkiyə məğlub olaraq mübarizəni dayandırıb.
Turnirin önəmini artıran əsas məqamlardan biri də Los-Anceles-2028 Yay Olimpiya Oyunları ilə bağlıdır. Ulan-Bator “Böyük Dəbilqə” sində cari olimpiya tsiklində ilk dəfə olimpiadaya lisenziya xalları hesablanır.