Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin Bakırköy prokurorluğunun apardığı narkotik vasitələrlə bağlı istintaq çərçivəsində məşhurlara qarşı əməliyyat keçirilib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, əməliyyat zamanı barələrində saxlanılma qərarı verilən 18 şübhəlidən 15-i tutulub.
Saxlanılanlar arasında məşhur aktyor Aras Bulut İynemli, aktrisa Melis Sezen, reper Sefo və keçmiş futbolçu Hasan Şaş da var.
Bakırköy prokurorluğunun açıqlamasına görə, aktyor, müğənni, iş adamı, sahibkar və sosial şəbəkə fenomeni kimi tanınan bəzi şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etdikləri, onların istifadəsini asanlaşdırdıqları və ya bunun üçün məkan təmin etdiklərinə dair əsaslı şübhələri dəstəkləyən sübutlar əldə edilib.
Bununla əlaqədar sentyabrın 18-də 18 şübhəlinin saxlanılması, yaşadıqları ünvanlarda axtarış aparılması, həmçinin bioloji nümunələrin götürülməsi barədə göstəriş verilib.
Əməliyyat çərçivəsində Aras Bulut İynemli, Melis Sezen, Nilperi Şahinkaya, Melis İşiten, Hazal Filiz Küçükköse, reper Seyfullah Sağır (Sefo), Anıl Durmuş, keçmiş futbolçu Hasan Şaş, Yeliz Yeşilmen, Hande Demir, Volkan Akçıray, Zeynep Akçıray, Eda Güzelcik, Sezer Çakır və Sayat Zurnacı saxlanılıb.
Prokurorluq bildirib ki, şübhəlilər barəsində axtarış və bioloji müayinə prosedurları davam etdirilir. Proses başa çatdıqdan sonra onların ifadələri alınacaq və Baş Prokurorluğa təqdim ediləcəklər.
Faktla bağlı istintaq davam edir.