Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Culfa” tankerinin əsaslı təmiri başa çatdırılıb. “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri yüksək keyfiyyətlə həyata keçirilib.
ASCO-dan verilən məlumata görə, təmir zamanı tankerin sualtı və suüstü hissələri abraziv qumla təmizləndikdən sonra üçqat rənglənib. Bununla yanaşı, gəminin baş göyərtəsində və mexanizmlərində də rənglənmə işləri aparılıb. Tankerin baş mühərrik, soyuducular, nasoslar və digər mexanizmlərlə yanaşı, köməkçi buxar qazanı təmir olunub.
Təmir zamanı gəmidə gövdə-qaynaq, elektrik quraşdırma, boru quraşdırma, avtomatika işləri görülüb. Dənizçilərin iş və məişət şəraitini yaxşılaşdırmaq məqsədilə yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib. Dəniz sınağından sonra tanker yenidən istismara qaytarılıb.
Xatırladaq ki, “Culfa” tankeri 2009-cu ildə inşa olunub. Tanker 2024-cü ilin iyun ayına qədər “Şuşa” adı ilə istismar edilib. Xəzərdənkənar sularda “Aframax” tipli yeni “Şuşa” tankerinin istifadəyə verilməsi ilə əlaqədar olaraq gəminin adı dəyişdirilərək “Culfa” qoyulub.
Neft məhsulları daşıyan “Culfa” gəmisinin uzunluğu 149,9 metr, eni 17,3 metr, suya oturumu 7,14 metr, dedveyti isə 13 min 470 tondur.
XQ