Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Bakının Nərimanov rayonunda “Baksol” yolu ərazisində 27 yaşlı Cümşüd Cümşüdlünün faciəli ölümündə təqsirli bilinən Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb.
O bildirib ki, çökmə 2025-ci ilin mayın 14-də baş verib:
"Həmin vaxt çökmə baş verən ərazidən bir kilometr kənar bir yerdə bərpa işləri görürdük. Çökmə barədə məlumat alanda əraziyə yollandıq, oranı məhəccərə aldıq, qadağan olunmuş nişanlar qoyduq. Orada iş görülməsi üçün bizə heç bir göstəriş verilməyib. Bizim xidməti vəzifəmiz qəza-bərpa işlərini gərməkdir. İyunun 4-nə kimi məlum hadisə baş verən yerdən bir kilometr kənarda gördüyümüz işin yekunlaşdırdıq. Sonra dedilər ki, sizin daha orada görəcəyiniz iş yoxdur, oradan gedin. Biz də oradan ayrıldıq. Orada heç bir iş görməmişik. İş görmək üçün heç bir iş əmr olmayıb".
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin diqqətinə çatdırıb ki, çöküntü baş verən yerdə qadağan olunmuş nişanlardan əlavə kosmetik işlər aparılıb. O, kosmetik işlərin kimin tərəfindən aparılması ilə maraqlanıb.
Təqsirləndirilən şəxs qeyd edib ki, çöküntü baş verən ərazidə suvaq işləri aparılmayıb:
"Çöküntü baş verən quyunun üzərinə böyük diklər qoyulub, bunu da həmin ərazidə işlər görən obyekt sahibləri ediblər. Bizim işimiz oraya məhəccərə çəkməkdən ibarət olub, bunun da fotoları var, təqdim edə bilərik. Orada təhlükəsizlik tədbirləri ilə bağlı dəfələrlə müvafiq quruma məlumat vermişik.
Bizə orada iş görmək üçün metaral verilməyib, buna görə də orada iş görə bilməzdik. Bunun üçün iş əmri verilməli, vəsait ayrılmalıdır".
Təqsirləndirilən şəxs deyib ki, hadisədən iki-üç saat sonra iş əmri açılıb və hadisə baş verən yerdə işlər görülməyə başlanıb:
"Mənim bu işdə günahım yoxdur. Bu hadisənin baş verməsində obyekt sahibləri günahkardır. Zərrə qədər günahım varsa, cəzamı çəkməyə hazıram".
İzahat verən zərərçəkmiş Cümşüd Cümşüdlünün hüquqi varisi, anası Fəridə Abbasovanın sözlərinə görə, qaynı Vidadi Abbasov bu şəxslərlə iş yoldaşı olub:
"Bu hadisədən sonra qaynımın yanına gediblər, onunla görüşüblər. Bir ana kimi məni saymayıblar, dərdimə şərik olmayıblar. Oğlum dəfn olunanan günün səhəri qaynımın Novxanıdakı evində yeyib-içiblər, guya oğluma üç mərasimi veriblər. Mən isə oğlumun məzarı başında qaldım, onların yanına getmədim.
Həyat yoldaşım dörd il əvvəl rəhmətə gedib, qaynım bu müddətdə bir dəfə də qapını açmayıb. İndi bu hadisədən sonra gələrək bu işə qarışıb. Qaynımın oğlu gəldi, məni təhqir etdi ki, niyə şikayətçi olmusan? Şikayət etdiyim üçün, bu hadisəni ictimailəşdirdiyim üçün mənə hədə-qorxu gəldi. Mən qaynımla düşmənəm. O mənim yanımda yox, o biri tərəfin yanında olub.
İntiqam adlı vəzifəli şəxs gəlib dedi ki, şikayət etsən nə olacaq, yetimin birini tutub içəri salacaqlar, şikayət etmə. O, qaynımla əlbirdir. Oğlu ölən anaya bu sözü demək olar? Heç oğlumun məzardaşını da düzəltmədilər. Mən şikayətçiyəm, oğlumun bir damla qanının da keçməyəcəm".
Növbəti proses fevralın 17-də davam edəcək.
Qeyd edək ki, ötən il iyunun 26-da paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşərək ölən 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cələb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.
Xatırladaq ki, ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.
Xatırladaq ki, Cümşüd Cümşüdlü "Sab Azərbaycan"nın əməkdaşı olub.