Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mətbəxdə kulinariya şah əsərləri yaratmaq istəyirsinizsə, ən vacib seçimlərdən biri düzgün qazan və tava seçməkdir.
Bu sahədə ən populyar variantlar isə çuqun və paslanmayan polad qazanlardır.
Bəs hansı daha yaxşıdır?
“Cebheinfo.az” bu sualın cavabını araşdırıb və sizlərlər bölüşür.
Əslində, düzgün seçim sizin yemək bişirmə tərzinizdən və mətbəxdə hansı rahatlığı axtarmağınızdan asılıdır. Hər iki növün öz üstünlükləri və çatışmazlıqları var. Buna görə də qərar verməzdən əvvəl fərqləri bilmək vacibdir.
Çünki bu seçim həm yeməklərinizin keyfiyyətinə, həm də mətbəxdə sərf etdiyiniz vaxta və zəhmətə birbaşa təsir edir.İlk fərqlərdən biri çəki məsələsidir. Çuqun qazan və tavalar olduqca ağır olur. Onları sobadan götürmək və ya yerini dəyişmək bəzən çətinlik yarada bilər.
Paslanmayan polad qazan və tavalar isə daha yüngüldür. Bu da mətbəxdə daha rahat və çevik hərəkət etməyə imkan verir. Hətta içi dolu olduqda belə, onları daşımaq daha asandır.
Seçim zamanı nəzərə alınmalı digər vacib məqam isə təmizlikdir. Əgər yemək bişirməyi sevir, amma təmizləməkdən xoşunuz gəlmirsə, bu fərq sizin üçün önəmli ola bilər. Çuqun qablar paslanmaya meyilli olduğundan xüsusi qulluq tələb edir.
Onlar qabyuyan maşında yuyulmamalı, əl ilə təmizlənməli, dərhal qurudulmalı və müəyyən aralıqlarla yağlanmalıdır. Paslanmayan polad qazan və tavalar isə daha praktik hesab olunur. Onları qabyuyan maşında yumaq mümkündür, paslanma riski azdır və xüsusi qulluq tələb etmir.
İstiliyin idarə olunması baxımından da fərqlər var. Çuqun qablar istiliyi gec qəbul etsə də, onu uzun müddət saxlayır. Bu xüsusiyyət yavaş bişirilən yeməklər üçün üstünlük hesab olunur. Lakin temperaturun tez dəyişdirilməsini tələb edən yeməklərdə müəyyən çətinlik yarada bilər.
Paslanmayan polad qazanlar isə temperatur dəyişikliklərinə daha sürətli reaksiya verir. İstiliyi artırdıqda və ya azaltdıqda, qab bunu dərhal hiss etdirir. Bu da souslar və həssas bişirmə tələb edən yeməklər zamanı daha dəqiq nəzarət imkanı yaradır.
Davamlılıq məsələsinə gəldikdə, çuqun qablar düzgün saxlanılmadıqda paslana bilər və bu da onların ömrünü azalda bilər. Paslanmayan polad qazan və tavalar isə korroziyaya, paslanmaya və aşınmaya qarşı daha davamlıdır. Nəm mühitdə belə zədələnmə ehtimalı azdır və uzun illər istifadəyə yararlı qalır.
Nəticə olaraq, əgər siz istiliyi uzun müddət saxlayan və ənənəvi bişirmə təcrübəsi təqdim edən qab axtarırsınızsa, çuqun qazanlar daha uyğun seçim ola bilər.
Əgər yüngül, praktik, asan təmizlənən və uzunömürlü mətbəx avadanlığı istəyirsinizsə, paslanmayan polad qazan və tavalar daha əlverişli hesab olunur.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin