Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kosovo parlamenti 73 yaşlı, Kosovo Elmlər və İncəsənət Akademiyasına rəhbərlik edən Cüstina Şiroka Pulanı ölkənin yeni prezidenti seçib. Onun namizədliyini 81 deputat dəstəkləyib. Oxuməni az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Səsvermə Konstitusiyada nəzərdə tutulan müddətin sonuncu günündə keçirilib. Konstitusiya Məhkəməsi daha əvvəl dövlət başçısının seçilməsi üçün nəzərdə tutulan 60 günlük müddətin oktyabrın 6-da başa çatdığını və bundan sonra parlamentin buraxılmalı olduğunu qərara almışdı.
Gün ərzində Baş nazir Albin Kurti bir neçə namizəd irəli sürüb, lakin onların heç biri müxalifətin dəstəyini qazanmayıb. Daha sonra o, Şiroka Pulanın namizədliyini irəli sürüb və Kosovonun ən böyük müxalifət partiyası olan Kosovo Demokratik Partiyası (PDK) onun namizədliyini dəstəkləməyə razılaşıb.
Bunun müqabilində PDK prezident seçkisindən əvvəl Haaqada Kosovo Azadlıq Ordusunun (UÇK) keçmiş komandirlərinə qarşı işlərə baxan Kosovo üzrə İxtisaslaşdırılmış Palataların fəaliyyətini tənzimləyən qanunvericiliyə dəyişiklik edilməsini tələb edib.
Parlament Haaqadakı məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasını, bəzi işlərin Kosovo məhkəmə sisteminə verilməsini, müəyyən cəza müddətlərinin 15 illə məhdudlaşdırılmasını və bir sıra cəzaların Kosovoda çəkilməsi imkanının yaradılmasını nəzərdə tutan dəyişiklikləri təsdiqləyib.
Bundan sonra deputatlar prezident seçkisinə başlayıblar. Səsvermədə 120 deputatdan 84-ü iştirak edib. Şiroka Pula 81 səs, onun rəqibi, PDK deputatı Eliza Xoca isə bir səs alıb. Daha iki bülleten etibarsız sayılıb.
Seçildikdən sonra Şiroka Pula and içib və bütün Kosovo vətəndaşlarının prezidenti olacağına, həmçinin ölkənin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyacağına söz verib.
Almaz Həsənli