Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Toy məclislərinin tanınmış aparıcısı Pünhan İsmayıllı müğənni Qumralın son günlər gündəm olan mahnı qalmaqalına münasibət bildirib.
Xatırladaq ki, Qumral Xalq artisti Niyaməddin Musayevin məşhur "Dünya sənin" mahnısını ifa edərkən sözləri səhv səsləndirib. Bunun ardından sənətkarın qızı mahnının həmin versiyasının "YouTube" platformasından sildirilməsi ilə bağlı addım atıb. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən qiraətçi-aparıcı Pünhan İsmayıllı sərt fikirləri ilə diqqət çəkib. O, bildirib ki, klassik və müəllifi olan əsərlərə məsuliyyətsiz yanaşmaq yolverilməzdir:
"Cütləşmək heyvanlara aiddir. Burada söhbət nərd taxtasında cütlənməkdən gedir, taleyin oyunu ilə cütlənmiş zərik. Məmməd Araz elə şey yazmayıb. Niyaməddin müəllimin mahnılarının başına nə oyun açıblar..."
Pünhan İsmayıllı vurğulayıb ki, ifaçılar mahnını oxumazdan əvvəl mütləq müəlliflərlə və ya onların varisləri ilə məsləhətləşməlidirlər:
"İfa etməzdən öncə mahnının müəllifləri ilə məsləhətləşin. Əgər dünyadan köçübsə, varisləri var. Şairlərimiz, kitablarımız var. Mahnı oxuyan məsuliyyət daşıyır. Siz efirdə səhv oxuyursunuz, bütün dünya eşidir. Sonra da gənc müğənnilər sizdən öyrənib səhv oxuyacaqlar",
Onun bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirə doğurub, bir çox izləyici klassik əsərlərə hörmət edilməsinin vacibliyini dəstəkləyən fikirlər səsləndirib. Qalmaqal isə hələ də müzakirə mövzusu olaraq qalır.
Musa
Milli.Az