Icma.az, Redaktor.az saytına istinadən bildirir.
D vitamini çatışmazlığı ilə insulin müqavimətinin birlikdə olması ağır ürək-damar xəstəliklərinin yaranma riskini əhəmiyyətli dərəcədə artırır.
Redaktor.az xəbər verir ki, bu nəticə Pekin Paytaxt Tibb Universitetinin alimlərinin 335 mindən çox insanın məlumatları əsasında apardıqları araşdırmada əldə olunub. Tədqiqatın nəticələri "Frontiers in Nutrition" jurnalında dərc edilib.
Araşdırma Böyük Britaniyanın UK Biobank məlumat bazası əsasında aparılıb. Tədqiqatın əvvəlində iştirakçıların heç birində ürək-damar xəstəliyi qeydə alınmayıb. Təxminən 14 illik müşahidə müddətində isə infarkt, insult, qəfil ürək ölümü və digər ağır ürək-damar fəsadları da daxil olmaqla 33 mindən çox hadisə qeydə alınıb.
Alimlər müəyyən ediblər ki, həm insulin müqavimətinin göstəricisi hesab olunan yüksək TyG indeksi, həm də D vitamini çatışmazlığı ayrı-ayrılıqda ürək-damar xəstəlikləri riskini artırır. Lakin bu iki amilin eyni vaxtda mövcud olması daha yüksək təhlükə yaradır.
Araşdırmaya görə, həm insulin müqaviməti, həm də D vitamini çatışmazlığı olan şəxslərdə ağır ürək-damar fəsadlarının inkişaf riski normal göstəricilərə malik insanlarla müqayisədə 26 faiz daha yüksək olub.
Tədqiqat müəlliflərinin fikrincə, bu iki risk faktorunun birlikdə qiymətləndirilməsi ürək-damar xəstəliklərinə meylli insanların daha erkən müəyyən edilməsinə və vaxtında profilaktik tədbirlərin görülməsinə kömək edə bilər.
NURİYYƏ