D vitaminini nə vaxt qəbul etmək lazımdır? ARAŞDIRMA

11.11.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

D3 vitamininin axşam saatlarında qəbulu xroniki stressin mənfi təsirlərini azaltmaq baxımından səhər qəbulundan daha təsirli ola bilər.

Redaktor.az xəbər verir ki, bu nəticəyə Çinin Jiangnan Universitetinin alimlərinin də daxil olduğu beynəlxalq tədqiqat qrupu gəlib. Araşdırmanın nəticələri “Food & Function” jurnalında dərc olunub.

Alimlər dörd həftə ərzində siçanlar üzərində təcrübə aparıblar. Onlara hər gün D3 vitamini səhər və ya axşam saatlarında verilib. Nəticədə vitaminin hər iki halda stressin mənfi təsirlərini azaltdığı, lakin axşam qəbul edildikdə təsirinin daha güclü olduğu müəyyənləşib.

Tədqiqat zamanı axşam D3 vitamini qəbul edən heyvanlarda narahatlıqla əlaqəli davranışların yaxşılaşdığı, yuxu müddətinin bərpa olunduğu, serotonin istehsalının normallaşdığı və iltihabi proseslərin azaldığı müşahidə edilib.

Alimlər fərqin vitaminin orqanizmin bioloji saatına təsiri ilə əlaqəli ola biləcəyini ehtimal edirlər.

Bununla belə, tədqiqatın yalnız heyvanlar üzərində aparıldığı vurğulanıb. Eyni təsirin insanlarda da müşahidə olunub-olunmadığını müəyyənləşdirmək üçün əlavə klinik araşdırmalara ehtiyac var.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью