Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 4 fevral, Günel Alıyeva, foto İlkin Cavanşirov, AZƏRTAC
START layihəsi sadə, lakin dəqiq bir müşahidədən doğdu. Azərbaycanda çoxlu həqiqi istedadlı gənc rəssam var, lakin onların ilk peşəkar addımı atmaq — tədris və ya həvəskar mühitdən çıxaraq ictimai sənət məkanına daxil olmaq üçün son dərəcə real imkanları azdır.
START 2010-cu ildən fəaliyyət göstərir və ilkin mərhələdə start platforması kimi, ilk təcrübə məkanı, ilk sərgi, auditoriya ilə ilk dialoq və heç də az əhəmiyyət daşımayan ilk peşəkar məsuliyyət sahəsi kimi düşünülüb. Onun vəzifəsi təkcə işləri nümayiş etdirmək deyil, həm də gənc müəlliflərə tələbat hissini aşılamaq və onların yaradıcılığının peşəkar sahədə olduğunu anlatmaqdan ibarət olub.
Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.
Onun sözlərinə görə, START layihəsinin unikallığı onun mobilliyi və açıqlığındadır. Hər dəfə fərqli məkanda keçirilir və bununla da müxtəlif art-lokasiyaları populyarlaşdırır, şəhərin mədəni xəritəsini genişləndirir.
“Biz şüurlu şəkildə tək qalereya formatından uzaqlaşır və canlı, dinamik bir layihə yaradırıq. Bundan əlavə, START müsabiqə deyil və qapalı peşəkar mühit də təqdim etmir. Burada münsiflər heyəti və statusa görə sərt seçim yoxdur, əsas olan potensial və bədii ifadənin səmimiyyətidir. Ölkənin incəsənət sahəsi üçün bu cür təşəbbüslər xüsusilə əhəmiyyətlidir. Onlar yeni nəsil rəssamları və auditoriyanı formalaşdırır, davamlı incəsənət ekosistemi yaradır”, — deyə o qeyd edib.
Həmsöhbətimiz vurğulayıb ki, START layihəsi ekspozisiyanın bağlandığı günlə bitmir. Təşkilatçılar iştirakçılarla işləməyi davam etdirir və onları növbəti layihələrə, vörkşoplara və beynəlxalq əməkdaşlıqlara dəvət edir, kuratorlara və tərəfdaşlara tövsiyə edir, peşəkar portfelin formalaşdırılmasına kömək edir.
Dadaş Məmmədovun qeyd etdiyi kimi, ən vacibi gənc müəllifin qazandığı ictimailik təcrübəsi və özünəinamdır. Bu layihə elə bir başlanğıc nöqtəsinə çevrilir ki, ondan sonra rəssam özünü peşəkar mühitdə başqa cür qavrayır və öz yolunu şüurlu şəkildə qurmağa başlayır.