Dağıntılardan möhtəşəm quruculuğa: Ağdamın yeni tarixı ŞƏRH

18.11.2026

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

20 Noyabr Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş əlamətdar tarixlərdən biridir. Bu gün xalqımız Ağdam şəhərinin işğaldan azad edilməsinin növbəti ildönümünü böyük qürur və iftixarla qeyd edir. Ağdam Şəhəri Günü yalnız bir şəhərin azad olunmasının təntənəsi deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının, milli birliyimizin və dövlətimizin qüdrətinin təcəssümüdür. Qarabağın qədim və zəngin tarixə malik yaşayış məskənlərindən biri olan Ağdam XVIII əsrdə əsası qoyulmuş şəhər kimi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında mühüm yer tutub. Özünəməxsus memarlıq abidələri, tarixi məkanları, zəngin mədəni irsi və qonaqpərvər insanları ilə seçilən Ağdam uzun illər Qarabağın ən inkişaf etmiş şəhərlərindən biri olub. Pənah xanın imarəti, Xanoğlu türbəsi, Pənah xanın türbəsi və digər tarixi abidələr bu qədim yurdun zəngin keçmişinin canlı nümunələridir. Lakin 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam şəhəri və rayonun əraziləri uzun illər ağır dağıntılara və vandalizmə məruz qaldı. Şəhərin yaşayış binaları, inzibati obyektləri, təhsil və səhiyyə müəssisələri, mədəniyyət ocaqları dağıdıldı, tarixi-mədəni irsinə ciddi ziyan vuruldu. Minlərlə ağdamlı doğma yurd-yuvasından didərgin düşərək uzun illər məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Buna baxmayaraq, ağdamlılar doğma torpaqlarına qayıtmaq ümidini və inamını heç vaxt itirmədilər. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın çoxəsrlik tarixində yeni və şanlı səhifə açdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın sarsılmaz birliyi və milli həmrəyliyi sayəsində 44 gün ərzində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Beləliklə, uzun illər doğma torpaqlarına qayıdacağı günü gözləyən ağdamlıların arzusu gerçəkləşdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə noyabrın 20-si Ağdam Şəhəri Günü kimi təsis edildi. Bu qərar Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərin əbədiləşdirilməsi, Ağdamın azadlığının dövlət səviyyəsində qeyd olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Ağdamın azad olunması Azərbaycanın hərbi-siyasi gücünün, beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyinin və diplomatik iradəsinin bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan yalnız öz ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda, regionda yeni reallıqlar yaratdı. Bu gün Ağdamın yenidən qurulması həmin siyasi iradənin və tarixi Qələbənin məntiqi davamıdır. İşğaldan azad edildikdən sonra Ağdamda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Dövlət başçısının xüsusi diqqət və qayğısı ilə şəhərin Baş planı əsasında müasir infrastrukturun yaradılması, yaşayış məhəllələrinin salınması, avtomobil və dəmir yollarının çəkilməsi, sosial obyektlərin tikintisi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ağdamın müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması onun gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Bərpa-quruculuq prosesində nəqliyyat, energetika, su təchizatı, təhsil, səhiyyə və digər sosial sahələrin inkişafına xüsusi önəm verilir. Bərdə-Ağdam avtomobil yolu, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, elektrik yarımstansiyası və digər mühüm infrastruktur layihələri şəhərin iqtisadi potensialının artırılmasına xidmət edir. Ağdam Sənaye Parkının fəaliyyəti isə regionda sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması və iqtisadi fəallığın yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün Ağdamda həyata keçirilən quruculuq işlərinin ən mühüm istiqamətlərindən biri Böyük Qayıdış prosesidir. Uzun illər doğma yurdlarından ayrı düşmüş insanların öz evlərinə qayıtması dövlətimizin qarşıya qoyduğu əsas prioritetlərdəndir. 2025-ci il martın 27-dən etibarən Ağdam şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması bu istiqamətdə tarixi hadisə oldu. Artıq doğma torpaqlarında yeni həyata başlayan ailələr Ağdamın sosial və ictimai həyatının dirçəlişinə öz töhfələrini verirlər. Ağdamın bərpası yalnız yeni binaların və yolların inşası demək deyil. Bu, həm də insanların doğma torpaqlarına qayıtması, ailə ocaqlarının yenidən tüstülənməsi, məktəblərin, mədəniyyət müəssisələrinin fəaliyyətinin bərpası, milli-mənəvi dəyərlərin yaşadılması deməkdir. Ağdam yenidən qurulmaqla yanaşı, öz tarixi kimliyinə qovuşur, Qarabağın mühüm iqtisadi, mədəni və sosial mərkəzlərindən birinə çevrilmək istiqamətində inamla irəliləyir. Bu gün Ağdamın timsalında bütün dünyaya Azərbaycanın qurucu və yaradıcı dövlət olduğu nümayiş etdirilir. Bir vaxtlar dağıntılar içərisində qalan şəhərin müasir layihələr əsasında yenidən qurulması xalqımızın əzmini, dövlətimizin iqtisadi gücünü və gələcəyə hesablanmış inkişaf strategiyasını əks etdirir. Ağdam Şəhəri Günü həm də Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiram günüdür. Bu torpaqların azadlığı uğrunda qəhrəmancasına döyüşən şəhidlərimizin fədakarlığı, qazilərimizin şücaəti heç vaxt unudulmayacaq. Onların göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün vətənpərvərlik və milli qürur məktəbidir. 20 Noyabr – Ağdam Şəhəri Günü hər bir azərbaycanlı üçün qürur, sevinc və milli iftixar mənbəyidir. Bu əlamətdar tarix bir daha sübut edir ki, Azərbaycan xalqı öz birliyi, iradəsi və qətiyyəti ilə ən mürəkkəb sınaqlardan qalib çıxmağı bacarır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdamda həyata keçirilən möhtəşəm quruculuq işləri isə şəhərin daha gözəl, müasir və firavan gələcəyindən xəbər verir.Bu gün Ağdam azaddır, yenidən qurulur və dirçəlir. Onun hər küçəsində, hər binasında, hər yeni layihəsində Zəfərin nəfəsi, quruculuğun ruhu və Böyük Qayıdışın sevinci yaşayır. Ağdamın bugünkü inkişafı Azərbaycanın tarixi Qələbəsinin və gələcəyə inamla addımlayan güclü dövlətimizin əyani təcəssümüdür.

Lalə Məmmədova

YAP Samux rayon təşkilatının əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью