futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov karyerasına xaricdə başlamışdı, xaricdə də bitirir.
Bu gün Andorra ilə oyun onun üçün millidə son matç olacaq.
10 illik milli karyerasını bitirmək qərarını hansı səbəbdən verdi?
Dünən keçirilən oyunöncəsi mətbuat konfransında, “niyə məhz indi və burada?” sualına belə cavab verdi:
“Millinin növbəti oyunu martda olacaq, o da hələ bilinmir, evdə, yoxsa xaricdə. Ona görə də fikirləşib, belə qərar verdim”.
34 yaşı var, 1-2 il də davam edə bilərdi. Lakin qərarını verib artıq…
Nə deyək, kapitan. Ayxan Abbasovun da dediyi kimi, elə futbolçular var, milli komandada oynayır, karyerasını bitirir… eləsi də var, Emin kimi, iz qoyur…
10 il və rekordlar, gözəl anlar…
Sən bir kapitan kimi, həqiqətən öz izini qoydun.
***
65 oyuna 16 qolla millinin rekordçu kapitanı…
Karyerası Rusiyada başlayıb. “Saturn”, “Spartak” (Moskva), “Tom”, “Krılya Sovetov”, “Mordoviya” klublarında çıxış edən Emin Rusiyanın U20 və U21 millilərində çıxış edib.
2016-cı ildə isə Azərbaycan millisinin formasını geyindi.
2021 və 2022-ci illərdə ölkənin ən yaxşı futbolçusu seçildi.
***
9 sentyabr 2025-ci ildə Ukrayna ilə DÇ-2026 seçmə oyununda penaltidən qol vuraraq Qurban Qurbanovun 21 illik rekordunu yenilədi. Həmin vaxt 56-cı oyununda 15-ci qolunu vurmuşdu.
Elə bilirəm ki, yaxın illərdə Eminin 16 qolluq rekordu qırılmayacaq.
***
Gələcəklə bağlı planlarının hələlik yalnız “Neftçi” ilə bağlı olduğunu desə də, fikrimcə, klub karyerası da uzun çəkməyəcək.
Mahmudov yaxşı baş məşqçi olar…
Onun “flaqman”la 2026-cı ildə bağlanmış 1+1 illik müqaviləsi var.
“Vaxt itirmək istəmirəm” deyib 24 yaşda başlayan milli karyerasını 34 yaşda bitirən dəyərli kapitan… Səndən çox olsun!
Elçin Cəlilov
P.S.
Andorra La Vellada böyük zövqlə ətrafa baxa-baxa gəzirdik. Mahmudov çıxdı qarşımıza. Qarşılaşdığımız yer Salvador Dalinin “Zamanın nəcibliyi” əsərinin heykəlinin qarşısı…
Karyerasını bitirən kapitanla simvolikliyin “möhür vurduğu” bir yerdə rastlaşmaq… Zaman Dalinin “əriyən saat”ı kimi axıb gedir. Qəriblikdə başlayan karyera qəriblikdə bitir. Dağlar qoynunda, sakitcə…