Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dumanlı dağların yaşıl qoynunda Bulmuş gözəllikdə kamalı Göygöl! Yaşıl gərdənbəndi gözəl boynunda Əks etmiş dağların camalı Göygöl!
Hörmətli oxucular, bu gözəl misralar məşhur şair, repressiya qurbanı Əhməd Cavadın 1918-ci il aprelin 11-də qələmə aldığı məşhur “Göygöl” şeirindəndir.
Lakin budəfəki söhbətimiz təkcə “gözəllər-gözəli” Göygöl barədə deyil, həm də bu bənzərsiz gölün də ərazisinə daxil olduğu Göygöl Milli Parkı haqqındadır.
Göygöl təbiətinin gözəlliyi sayəsində daim diqqəti özünə cəlb etmişdir.
XX əsrin əvvəllərində, 1910–1912-ci illərdə ərazidə qoruq yaradılması məsələsi qaldırılmışdır.
1925-ci ildə Azərbaycan Respublikasının ərazisində ilk qoruq olan Göygöl Dövlət Təbiət Qoruğu yaradılmışdır.
Sonralar qoruq ləğv edilmiş və ictimaiyyətin arzu və təkliflərinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 14 iyul 1965-ci il tarixli 475 nömrəli qərarına əsasən yenidən təşkil edilmişdir.