Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
25 noyabr müasir Azərbaycan tarixinin ən şərəfli və qürurverici səhifələrindən birini təşkil edən əlamətdar gündür. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər bütün torpaqlarımız kimi Kəlbəcərin də taleyini dəyişdi. Döyüş meydanında Ordumuzun göstərdiyi misilsiz qəhrəmanlıq və rəşadət düşməni kapitulyasiyaya məcbur etdi, nəticədə Kəlbəcər heç bir güllə atılmadan, siyasi-diplomatik yolla doğma Azərbaycanına qaytarıldı. Bu qansız qayıdış Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, sarsılmaz iradəsinin və hərbçilərimizin həyatının qorunmasına verdiyi yüksək dəyərin bariz təcəssümü oldu. İllərlə yolunu gözləyən uca dağlar, dumanlı zirvələr və buz bulaqlar yenidən öz əsl sahiblərinin nəfəsi ilə isindi. Kəlbəcər təkcə coğrafi məkan deyil, həm də xalqımızın dözümlülüyünün, milli yaddaşının və yenilməz ruhunun rəmzidir. Qədim tarixi abidələri, zəngin təbii sərvətləri və şəfalı İstisuyu ilə seçilən bu yurd yeri indi dövlət başçısının birbaşa diqqəti və qayğısı ilə böyük dirçəliş dövrünü yaşayır. Mürəkkəb dağ relyefində çəkilən yeni yollar, tunellər və bərpa olunan müasir infrastruktur Kəlbəcərin gələcək inkişafının möhkəm təməlini qoyur. Böyük Qayıdış proqramı çərçivəsində illərin nisgili arxada qalır, doğma torpağın hər guşəsində quruculuq və yenilənmə nəfəsi duyulur. Bu əzəmətli diyarın hər daşında Zəfər müharibəsinin qəhrəman şəhidlərinin əmanəti, qazilərimizin şücaəti və xalqımızın sarsılmaz birliyi yaşayır. 25 noyabr bizə bir daha sübut edir ki, güclü liderlik, rəşadətli ordu və milli həmrəylik qarşısında heç bir işğal tab gətirə bilməz. Kəlbəcərin azadlığı gələcək nəsillərə ötürülən ən qiymətli qürur, vətənpərvərlik və dövlətçilik salnaməsidir. Uca dağların qoynunda yenidən canlanan həyat hər birimizdə dərin fəxr və böyük sabahlara inam hissi oyadır. Qoy Kəlbəcərin zirvələrindən əsən küləklər daim sülhün, tərəqqinin və əbədi Zəfərin müjdəsini gətirsin. Kəlbəcər Şəhəri Gününüz mübarək olsun!
Elnur Məmmədov
YAP Lerik rayon təşkilatının sədr müavini