Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 23 yanvar, AZƏRTAC Yanvarın 23-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Arzu Nağıyev iclasın gündəliyindəki 7 məsələ barədə məlumat verib.
O, əvvəlcə gündəliyin birinci məsələsi – Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin fəaliyyəti barədə hesabatı təqdim edib.
Gündəliyin ikinci məsələsi olan komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planı barədə danışan komitə sədri qeyd edib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, dinləmələrin keçirilməsi və digər məsələlər nəzərdə tutulub.
Sonra komitə sədri Arzu Nağıyev gündəlikdəki qanun layihələrini təqdim edib.“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunun layihəsi haqqında məlumat verən komitə sədri qeyd edib ki, qanun layihəsində mövcud normaların daha aydın və birmənalı ifadə edilməsi məqsədi ilə dəyişikliklər təklif edilir və həmin dəyişikliklər mahiyyətcə dəqiqləşdirmə və uyğunlaşdırma xarakteri daşıyır.
Gündəliyin növbəti məsələsi olan “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) dair məlumatda bildirilib ki, layihə korrupsiyaya qarşı mübarizə üzrə səmərəliliyin artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə bir sıra normaların təkmilləşdirilməsi və yeni normaların əlavə edilməsini nəzərdə tutur.
Layihədə “korrupsiya” anlayışının yeni redaksiyada verilməsi təklif edilir.