Daha 9 kəsişmədə işıqforlara 28 ədəd velosiped bölməsi quraşdırılıb

23.11.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bakıda mikromobilliyin inkişafı, alternativ nəqliyyat vasitələrindən istifadənin təşviqi və yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. 

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən görülən işlər çərçivəsində paytaxtın daha 9 kəsişməsində mövcud işıqforlara 28 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.

Nəsimi və Səbail rayonları ərazisində işıqforlara velosiped bölmələrinin quraşdırıldığı yeni kəsişmələr bunlardır:

Nəsimi rayonu:  

Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsi;

Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsi;

Bülbül prospekti ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsi;

Bülbül prospekti ilə Süleyman Rəhimov küçəsinin kəsişməsi;

Azadlıq prospekti ilə 28 May küçəsinin kəsişməsi; 

Azadlıq prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsi.

Səbail rayonu:  

Azadlıq prospekti ilə Nizami küçəsinin kəsişməsi;

Azadlıq prospekti ilə Əfzələddin Xəqani küçəsinin kəsişməsi;

Rəşid Behbudov və Əfzələddin Xəqani küçələrinin kəsişməsi.


Qeyd edək ki, mikromobilliyin inkişafı məqsədilə bu günə qədər paytaxt yollarında mövcud olan işıqforlara ümumilikdə 160 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью