Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Kolumbiya hökuməti 1 fevraldan etibarən tarif vergisi tətbiq etməyə hazırlaşan qonşu ölkə Ekvadora elektrik ixracını dayandırdığını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Kolumbiyanın ticarət, sənaye və turizm naziri Diana Marsela Morales mətbuata verdiyi açıqlamada Ekvadorun 1 fevraldan etibarən Kolumbiya mənşəli məhsullara tətbiq edəcəyi 30 faizlik gömrük vergisinə qarşılıq verəcəklərini qeyd edib.
Ekvador hökumətini "iqtisadi təcavüz" etməkdə ittiham edən Morales deyib:
"Bu gün müəyyən edilən saatdan, yəni 18:00-dan etibarən Kolumbiyadan Ekvadora elektrik enerjisi tədarükü dayandırılacaq. Enerji təhlükəsizliyi yenidən təmin olunduqda, iki ölkə arasında etimad və xoşniyyət mühiti bərpa edildikdə, Kolumbiya elektrik ticarətinə yenidən başlamağa hazır olacaq".
Morales elektrik ixracının dayandırılması ilə yanaşı, Ekvadordan idxal edilən 20 məhsula da 30 faiz dərəcəsi ilə gömrük rüsumunun tətbiq olunacağını elan edib.
Xatırladaq ki, Ekvador Prezidenti Daniel Noboa dünən etdiyi çıxışında narkotiklə mübarizədə kifayət qədər dəstək görmədiklərini iddia edərək, Kolumbiyadan idxal edilən məhsullara 30 faiz gömrük vergisi tətbiq olunacağını açıqlamışdı:
"Kolumbiya ilə illik 1 milyard dolları keçən ticarət kəsiri olmasına baxmayaraq, real əməkdaşlıq səyləri göstərdik. Lakin biz dialoqu davam etdirməyə çalışarkən, əsgərlərimiz sərhəddə narkotik ticarəti ilə əlaqəli cinayətkar qruplaşmalarla heç bir əməkdaşlıq olmadan mübarizə aparmağa davam edir".
İki ölkə arasında 400 kilovat gücündə bir elektrik xətti mövcud olduğu halda, Kolumbiya 2023–2024-cü illər ərzində Ekvadorda yaşanan quraqlıq mənşəli enerji böhranı zamanı bu ölkəyə elektrik enerjisi daşınmasını iki qat artırmışdı.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin