Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Artıq Azərbaycan vətəndaşı heç bir viza tələbi olmadan ümumi vətəndaş pasportu ilə İordaniya Haşimilər Krallığına gedə biləcək”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Səməd Seyidov parlamentin bu gün keçirilən iclasında Azərbaycan və İordaniya arasında viza tələbinin ləğvi ilə bağlı sazişin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, təqdim olunan qanun layihəsi Azərbaycanın xarici əlaqələrinin genişləndirilməsi və inkişafı ilə birbaşa bağlıdır.
Səməd Seyidovun sözlərinə görə, Azərbaycan vətəndaşlarının ümumi vətəndaş pasportu ilə vizasız səfər edə bildiyi ölkələrin sayının artırılması ölkənin beynəlxalq əlaqələri baxımından əhəmiyyətlidir.
O qeyd edib ki, hazırda Azərbaycan vətəndaşları diplomatik və xidməti pasportlarla 90-a yaxın, ümumi vətəndaş pasportu ilə isə 23 ölkəyə vizasız gedə bilirlər.
Deputat İordaniyanın Azərbaycanın dost ölkəsi olduğunu və iki dövlət arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.
Zeynəb Rzayeva