Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Daha uzun yatmağa genetik meyli olan insanlarda Alzheimer xəstəliyinə tutulma riskinin daha aşağı olduğu müəyyən edilib.
Redaktor.az xəbər verir ki, bu barədə “Frontiers in Dementia” jurnalında dərc olunan araşdırmada qeyd olunub.
Alimlər əvvəlcə geyilə bilən cihazlar vasitəsilə yuxu müddəti ölçülən 77 min 700 nəfərin genetik məlumatlarını araşdırıblar. Daha sonra əldə edilən nəticələr 264 min 700 iştirakçı üzərində tətbiq edilib.
Orta hesabla 12,5 il davam edən müşahidə zamanı 1451 nəfərə Alzheimer diaqnozu qoyulub.
Araşdırmaya əsasən, daha uzun yatmağa genetik meyli yüksək olan iştirakçılar digərləri ilə müqayisədə orta hesabla təxminən 15 dəqiqə çox yatıblar. Onlarda Alzheimer xəstəliyinə tutulma riski isə 21 faiz daha aşağı olub.
Tədqiqatçılar bildiriblər ki, bu nəticə əlavə 15 dəqiqə yatmağın Alzheimer xəstəliyinin qarşısını alacağı anlamına gəlmir. Alimlər yuxunun xəstəlikdən qoruyucu rolunu dəqiq müəyyən etmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayıblar.
Aytəkin TOFİQQIZI