Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib

11.11.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 11 noyabr, AZƏRTAC

Noyabrın 11-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Musa Quliyev gündəliyə iki məsələnin daxil edildiyini bildirib.

Komitə sədri birinci məsələ olan Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Mülki Məcəllədə, Seçki Məcəlləsində, Rəqabət Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Yaşayış minimumu haqqında”, “Sosial müavinətlər haqqında”, “Təhsil haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Ümumi təhsil haqqında”, “Siyasi partiyalar haqqında”, “Diplomatik xidmət haqqında” və “Xüsusi icra məmurları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib.

O bildirib ki, layihədə əməkhaqqı təminatlarının gücləndirilməsi, ödənişlərdə şəffaflığın artırılması, sosial sığorta mexanizmlərinin təkmilləşdirilməsi və istirahət hüququnun real təmin olunması üzrə dörd əsas istiqamət müəyyən edilib.

Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev layihənin üstünlüklərini diqqətə çatdırıb. O bildirib ki, müəyyən fəaliyyət sahələrində qısamüddətli və natamam iş vaxtı ilə çalışan işçilər üçün saatlıq əməkhaqqı sisteminin tətbiqi əməkhaqqı hesablamalarında şəffaflığın artırılmasına imkan yaradacaq. Həmçinin layihədə işçilərə ödənilən əməkhaqqı və digər ödənişlərin tamamilə elektronlaşması da əmək münasibətlərində şəffaflığı və nəzarəti gücləndirəcək.

Gündəliyin ikinci məsələsi olan Mülki Prosessual Məcəllədə, Miqrasiya Məcəlləsində, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, “Pasportlar haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı da komitə sədri Musa Quliyev diqqətə çatdırıb.

Layihənin əsas məqsədi dövlət rüsumlarının ödənilməsi və bu ödənişlərdən azadolma hallarının vahid mənbədə – “Dövlət rüsumu haqqında” Qanunda təsbit olunmasıdır. Həmçinin sənəddə vətəndaşların bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilməsi nəzərdə tutulur. Ümumilikdə, təqdim olunan qanun layihəsi dövlət rüsumlarının tənzimlənməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsini, sosial güzəştlərin qorunmasını və dəqiqləşdirilməsini, texniki səhvlərə görə vətəndaşların əlavə ödənişlərdən azad edilməsini, habelə bəzi dövlət xidmətləri üzrə rüsum güzəştlərinin dəqiqləşdirilməsini nəzərdə tutur.

Deputatların suallarını əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev, nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov və Dövlət Əmək Müfəttişliyinin rəisi Vəli Quliyev cavablandırıblar.

Sonra gündəlikdəki qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью