Daha iki ölkə arasında müharibə təhlükəsi artır

08.12.2025

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çin-Yaponiya münasibətlərində gərginlik yüksəlməkdə davam edir və tərəflər getdikcə hərbi münaqişə həddinə yaxınlaşırlar.

Reyting.az “Bloomberg” nəşrinə istinadla bildirir ki, son həftələrdə iki ölkə arasında onsuz da gərgin olan münasibətlər Yaponiyanın yeni baş naziri Sanae Takaiçinin noyabr ayında Tokionun Çinin Tayvana hücum edəcəyi təqdirdə digər ölkələrlə birlikdə bölgəyə qoşun yerləşdirə biləcəyi barədə verdiyi bəyanatdan sonra daha da pisləşib.

Pekin S. Takaiçini Çinin daxili işlərinə müdaxilədə ittiham edib. Bundan başqa, Çin Yaponiyaya qarşı iqtisadi və diplomatik tədbirlər görərək baş nazirin açıqlamalarını geri götürməsini tələb edib. Lakin S. Takaiçi Yaponiyanın mövqeyinin dəyişmədiyini bildirib və geri addım atmaqdan imtina edib. Bu isə hər iki tərəfi diplomatik baxımdan çıxılmaz vəziyyətə salıb.

Ardınca, şənbə günü hərbi insident baş verib. Yaponiyanın müdafiə naziri Şinjiro Koizuminin sözlərinə görə, Yaponiyanın iki “F-15” qırıcısı havaya qaldırılaraq Okinava adası yaxınlığındakı beynəlxalq sulara göndərilib. Onların missiyası təyyarədaşıyan gəmidən qalxan Çin qırıcılarının Yaponiya hava məkanına daxil olub-olmadığını müəyyənləşdirmək idi.

Missiya zamanı Çinin “J-15” qırıcısı Yaponiyaya məxsus təyyarələri silahları hədəf seçən radarla nişan alıb.

“Bu, son dərəcə təəssüf doğurur. Biz Çinə qəti etirazımızı bildirdik və bu cür hərəkətlərin təkrarlanmasının qarşısını almaq üçün tədbir görülməsini tələb edirik. Sakit, lakin qətiyyətlə cavab verəcəyik”, - deyə Yaponiyanın baş naziri hadisəyə münasibət bildirib.

Bununla belə, Çin Xarici İşlər Nazirliyi Yaponiyanı yalan məlumat yaymaqda, gərginliyi artırmaqda və beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd etməkdə ittiham edib. Nazirlik bildirib ki, Pekin Yaponiyanın etirazını qəbul etmir.

Çin Hərbi Dəniz Qüvvələrinin sözçüsü bəyan edib ki, Yaponiyanın Özünümüdafiə Qüvvələrinə məxsus təyyarələr dəfələrlə Çin dəniz təlimlərinə yaxınlaşıb və bununla ciddi təhlükəsizlik təhdidi yaradıb.

E. KAMAL


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью