Daha nə istəyirik?!

23.06.2026

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Ay gözümün qarası
Ay qəlbimin parası
Ay dərdimin çarası
Daha nə istəyirsən? (Famil Mehdi)
Dünya çempionatının keçirildiyi və böyük futboldan zövq aldığımız indiki günlərdə bütün futbol həvəskarları kimi mənim də kefim yaxşıdı. Hər gün bir-birindən maraqlı oyunları izləyirik, Mbappe, Holann, Messi və Ronaldo kimi dövrümüzün futbol ulduzlarının oyunundan zövq alırıq. Hələ ki mundial ümidlərimizi doğruldur, zövqümüzü oxşayır. Düzdü, saat fərqinə görə bir çox oyun gecəyarısı keçirilir, onların heç də hamısına baxmaq mümkün olmur. Amma digər vasitələr bu yerdə köməyimizə çatır, yuxudan oyanan kimi qolları, icmalları görə bilirik. Bu da baxa bilmədiyimiz oyunlarda nəyin baş verdiyindən xəbər tutmağımıza yardımçı olur.

Başımız dünya çempionatına qarışsa da, öz futbolumuzu da unutmuruq. Azərbaycan futbolu, daha doğrusu avrokuboklarda ölkəmizi təmsil edəcək klublar diqqət mərkəzindədi. Bu həftə avrokubokların ilk təsnifat mərhələlərinin püşkü atıldı və təmsilçilərimizin rəqiblərinin adını öyrəndik. Etiraf etməliyik ki, püşkatmanın nəticəsi kefimizin üstünə kef gətirdi, rəqiblərin adları ürəyimizi açdı. İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimlərində indiyə qədər bəxtimiz belə gətirməmişdi. Demək olar ki, təmsilçilərimizin hamısına münasib rəqiblər düşdü və bizimkilərin mümkün qədər uzağa gedə biləcəyi ilə bağlı ümidlərimiz xeyli artdı.
Düzdü, avrokuboklardan söz düşəndə “Turan Tovuz”un düşdüyü arzuolunmaz vəziyyəti xatırlamamaq olmur. Tovuz təmsilçisi ötən mövsüm layiqincə mübarizə aparmış və ölkəmizi Konfrans Liqasında təmsil etmək üçün vəsiqəni hallalıqla qazanmışdı. Amma neynəmək olar? Hər şey bizim istəyimizlə olmur, UEFA-nın da özünəməxsus sərt qaydaları var. Bu qaydalar da “danışılmış oyunlar”da iştirak edənlərə, bu işdə adı hallanan klublara münasibətdə sərt mövqe tutulmasını nəzərdə tutur. UEFA belə prinsipial dayanmaqla həm də başqalarının gözünün odunu almağa çalışır. Belədə “Turan Tovuz”un özünü təmizə çıxarmaq, yeddi il əvvəl başverənlərə görə indiki rəhbərliyin və futbolçular məsuliyyət daşımadığını sübüt etmək cəhdləri nəticəsiz qaldı. Avropa futbolunda bizdəki qədər klublar tez-tez rəhbərlik dəyişmir. Ona görə də tarixin istər ürəkaçan, istərsə də qanqaraldıcı səhifələrini asanlıqla silib atmaq mümkün olmur. Ümid edək ki, “Turan Tovuz” rəhbərliyi ruhdan düşməyəcək və gələn mövsüm daha iddialı şəkildə avrokuboklara vəsiqə qazanacaq.
Bu qanqaraldıcı hadisəyə görə ruh düşkünlüyünə qapılmadan irəli baxmalıyıq. İrəlidə isə “Sabah”ı Çempionlar Liqasında, “Qarabağ”ı Avropa Liqasında, “Neftçi” ilə “Zirə”ni Konfrans Liqasında Azərbaycan futbolu adına ciddi sınaq gözləyir. Çempionlar Liqasının debütantı sayılan “Sabah”dan birdən-birə qitənin ən nüfuzlu klub turnirinin liqa mərhələsinə vəsiqə qazanmağı tələb etmirik. “Sabah”ın “Qarabağ”la birlikdə Avropa Liqasının əsas mərhələsinə yüksəlməsi, ölkəmizi bu nüfuzlu turnirdə layiqincə təmsil etməsi bizim üçün əla olardı. “Sabah”la “Qarabağ” arasındakı rəqabət avrokuboklarda da davam edər, tərəflər elə bir-birinin bəhsinə liqa mərhələsində daha çox xal toplamağa, daha uzağa getməyə köklənərdi.
“Neftçi” ilə “Zirə”yə də ümidlər böyükdü. “Neftçi” uzun fasilədən sonra qitə futbolunun səhnəsinə qayıdıb. “Zirə” isə lap Danimarkanın 1992-ci ildə Avropa çempionatına qatılması kimi göydəndüşmə fürsət əldə edib. Kim bilir, bəlkə elə “qartallar” da danimarkalılar kimi sürprizə imza atacaq, hamısan sonra gəlib, hamıdan uzağa gedəcək?! Həm Rəşad Sadıqov, həm də onun komandası avrokuboklarda yetərincə təcrübəyə sahibdi. Onlardan da uğur gözləmək üçün ciddi əsaslar var.
Ayrı-ayrı detallar üzərində çox da dayanmayacam. Sevimli şairimiz Famil Mehdi demişkən, daha nə istəyirik?! Püşk üzümüzə gülüb, qalır bu fürsətdən yararlanmaq.
AMAL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью