Dahi bəstəkar, görkəmli ictimai xadim, kamil şəxsiyyət

18.09.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dahi Azərbaycan bəstəkarı, Azərbaycan milli operasının banisi, böyük musiqişünas-alim, publisist və pedaqoq Üzeyir Hacıbəyovun Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətlərini nəzərə alaraq, böyük sənətkara xalq ehtiramını və məhəbbətini təcəssüm etdirmək məqsədilə qərara alıram:
1. Hər il sentyabr ayının 18-də Üzeyir musiqi günü keçirilsin.
2. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə tapşırılsın ki, hər il sentyabr ayının 18-də Üzeyir musiqi gününün keçirilməsini təmin etsin.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
18 sentyabr 1995-ci il

Azərbaycan tarixinə adı professional musiqimizin banisi nəzəriyyəçisi, görkəmli ictimai xadim, qüdrətli publisist, mədəni quruculuq təşkilatçısı kimi yazılmış dahi Üzeyir bəy Hacıbəyli bütün bunları tamamlayan insani keyfiyyətlərinə görə də zirvədə dayanan bənzərsiz şəxsiyyətdir.

Bütün bunlara görə xalqımız Üzeyir bəyin xatirəsini daim qürur və minnətdarlıq hissi ilə anır. Yetirmələri, müasirləri və sənətsevərlər onun həyatından, insani keyfiyyətlərindən, xeyirxahlıqlarından, danılmaz xidmətlərindən, səhnə əsərlərindən, publisistikasından sevgi-sayğı ilə söhbət açıb, bütün bunları yeni nəsillər üçün mükəmməl örnək kimi təqdim ediblər.

Bu sırada mən də Üzeyir Hacıbəylinin ömür yolunda və sənətində heyran qaldığım dəyərləri tirajlamağa çalışmışam. Ölməz bəstəkarın anadan olmasının 140 illik yubileyi zamanı qələmə aldığım “Dahi insan” adlı irihəcmili məqaləmi başlanğıcını 1996-cı ildən götürmüş 18 Sentyabr Üzeyir Müsiqi Günündə ixtisarla “Xalq qəzeti”nin oxucularına təqdim edirəm.

Üzeyir bəy Hacıbəylinin ən layiqli yetirmələrindən olan dahi bəstəkarımız Fikrət Əmirovun ustadı haqqında yazdığı xatirə-məqaləsində gəldiyi qənaət diqqətçəkəndir: “Şəxsiyyətin böyüklüyü, paklığı, alicənablığı, ümumiyyətlə, ləyaqəti və sənət qüdrəti yaradıcılığında hökmən əks olunur. Sənətlə şəxsiyyəti bir-birindən ayrı təsəvvür etmək qeyri-mümkündür. Bu iki mühüm keyfiyyət vəhdət halında olmalıdır. Yalnız bu halda əsl mənada böyüklükdən, dahilikdən söhbət gedə bilər. Dahi Üzeyirə belə bir səadət nəsib olmuşdu”.

Mən bu yazımda Üzeyir bəyin nəcibliyindən, insanlığından danışmaq istəyirəm. Gənc bəstəkar 22 yaşında ilk Azərbaycan operası olan “Leyli və Məcnun”u yazıb səhnəyə qoyan gündən şöhrətlənməyə başlamışdı. Amma ömür boyu bir dəfə də özünü öyməmiş, təkəbbürlü davranmamış, əksinə, özündən əvvəlki yaradıcı insanlara həmişə hörmətlə yanaşmışdır.

18 may 1912-ci ildə 28 yaşlı Üzeyir bəyin “Əsli və Kərəm” operası Mayılov teatrında səhnəyə qoyulmuşdu. O gecədə tamaşaçı coşqunluğu o həddə çatmışdı ki, aktyorlar gənc Üzeyir bəyi çiyinlərində səhnəyə gətirmişdilər. Sonralar Xalq artisti Hacağa Abasov o gecəki tamaşanı xatırlayaraq yazırdı: “Mən o zaman “Əsli və Kərəm”də Sofi rolunu oynayırdım. Yaxşı yadımdadır ki, “Əsli və Kərəm” oynanan gecə Nəcəf bəy Vəzirov, Soltan Məcid Qənizadə, Mehdi bəy Hacınski Üzeyiri səhnəyə çıxarıb tamaşaçılara təqdim edəndə zalda gurultulu alqış qopdu və səhnəyə çoxlu gül-çiçək atdılar. Tamaşaçılar: “Sağ olsun Üzeyir bəy”, “Əhsən Üzeyir bəyə”, “Yaşasın bəstəkarımız”, - deyə qışqırmağa başladılar”.

Üzeyir bəy “Koroğlu” operasının librettosunu yazmağı yazıçı, dramaturq, şair Məmməd Səid Ordubadidən xahiş etmişdi. Operanın librettosu üzərində işlərkən hər gün görüşürdülər. Bu müddətdə Məmməd Səid Ordubadinin bir yaradıcı şəxsiyyət kimi bəstəkarı daha yaxından müşayiət etmək imkanı olmuşdur.

Məmməd Səid Ordubadi bəstəkarın vəfatından sonra Üzeyir bəy haqqında yazırdı: “Üzeyir bəyin əsas xüsusiyyətlərindən biri də sadə yaşayışı sevməkdən ibarət idi. Üzeyir bəy şəxsi həyatda sadəliyi sevdiyi kimi, dildə də sadəliyi sevirdi. O deyərdi: dili xalqdan, xalqı da dildən uzaqlaşdırmaq səhvdir. Mən Üzeyirin yaradıcılığındakı məharəti ilə tanış olmaqla bərabər, onun şəxsiyyəti ilə dərindən tanış olmağa çalışırdım. O deyirdi ki, “hər adam ilə dost ola bilmərəm, çünki dostluq fikir və əqidə birliyindən doğan ictimai bir varlıqdır. Bu varlığı hər təsadüfi şəxsiyyətlərlə yaratmaq imkan xaricindədir”. Bu səbəblə də o, dost olduğu adamlara çox böyük qiymət verərdi. Onun sevmədiyi bir məsələ varsa, o da lovğalıqdan ibarət idi”.

“İlk” sözü Üzeyir Hacıbəylinin adı qarşısında yazılan ən mübarək sözdür. İlk operanın, ilk operettanın banisi, ilk dövlət himnimizin bəstəçisi də Üzeyir bəydir. İlk türk musiqi məktəbinin (1922), ilk notlu Xalq Çalğı Alətləri Orkestrinin, Dövlət xorunun, qəzəl-romansın, sazçı qızlar ansamblının yaradıcısı, 1940-cı ildə filarmoniyada fəaliyyət göstərən Dövlət xoru ilə rəqs ansamblını birləşdirib mahnı və rəqs ansamblının yaradılmasının təşəbbüskarı da Üzeyir bəydir.

Azərbaycanda Milli Konservatoriyanın təşkili və onun ilk rektoru olmaq şərəfi də Üzeyir bəyə qismət olub. Üzeyir bəy özü bu sahədəki xidmətini belə xarakterizə edirdi: “Mən Azərbaycan Dövlət Konservatoriyasının yenidən təşkili ilə məşğul oldum, ilk türk musiqi məktəbinin əsasını qoydum. Bu məktəb 3 ildən sonra musiqi texnikumu adlandı və müdirliyi mənə tapşırıldı”.

“Azərbaycan xalq musiqisinin əsasları” adlı ilk fundamental bir əsərin müəllifi də məhz Üzeyir Hacıbəylidir. Onun bu yeniliklərini, ilkinliyini, orijinallığını dahi bəstəkarımız Qara Qarayev çox dəqiq ifadə etmişdir: “Üzeyir Hacıbəyov haqqında düşünəndə istər-istəməz intibah dövrü sənətkarlarının çoxşaxəli yaradıcılıqları yada düşür. Mənə elə gəlir ki, həmin sənətkarlar öz dövrləri üçün rəssamlıq, heykəltaraşlıq və s. sahələrə gətirdikləri yeniliklərdə necə böyük rol oynayıblarsa, Üzeyir Hacıbəyov da Azərbaycan musiqisində, milli opera, operetta janrlarının inkişafında, dramaturgiyasında, publisistikasında elə böyük bir şəxsiyyətdir”.

Üzeyir bəy arzu edirdi ki, “Şərq musiqisi, nəhayət, Avropa musiqisi ilə yanaşı, layiq olduğu şərəfli yeri tutsun və bütün bəşəriyyətin inkişafına kömək edən qüdrətli vasitələrdən birinə çevrilsin”. Üzeyir bəyin 1922-ci ildə yaratdığı ilk türk musiqi məktəbi 1925-ci ildə texnikuma çevrildi. Aradan bir il keçmiş, 1926-cı ildə musiqi texnikumu əsasında Dövlət Konservatoriyası yaradıldı. Konservatoriyanın rektoru vəzifəsinə Üzeyir bəy təyin olundu və ömrünün sonuna qədər, başqa yaradıcılıq işləri ilə yanaşı, öz vəzifəsində çalışdı.

Xalq artisti, bəstəkar Səid Rüstəmov ustadını “Böyük bəstəkar” adlı xatirəsində yad edərək yazırdı: “Üzeyir bəy əvvəllər musiqi texnikumunda, sonralar isə Konservatoriyada notla tar və harmoniya dərsləri aparırdı. O zamanlar Üzeyir bəy bizə sinifdə Azərbaycan muğamlarının “çox maraqlı”, qanunauyğun quruluşlarından söhbət açır və özünün Azərbaycan muğamları üzərindəki yaradıcılıq müşahidələrindən danışıb, misallar göstərirdi. Bu “söhbətlər” get-gedə təkmilləşərək, indi hamımızın bildiyi “Azərbaycan xalq musiqisinin əsasları” adlı müstəqil bir musiqi fənninə çevrildi”.

Üzeyir bəy yaradılması vacib olan hər bir işin təməlini qoyarkan onun sabahını da düşünmüşdü. O, 1926-cı ildə rektoru olduğu Konservatoriyada tələbə gəncləri toplayaraq ilk Azərbaycan çoxsəslu xorunu yaratmışdı. Üzeyir bəy həyatda da, yaradıcılığında da xalq musiqisinə çox böyük dəyər verirdi. Uzun illərin zəhmətinin bəhrəsi olan “Azərbaycan xalq musiqisinin əsasları” əsəri də bu vurğunluğun bariz nümunəsidir.

Üzeyir bəy həm də onların muğamlar haqqında fikirlərini öyrənib muğamların tədris proqramını hazırlayırdı. O, uzun illərin təcrübəsindən bu qənaətə gəlmişdi ki, hər hansı bir işin təməlini qoymaq üçün peşəkarlarla çiyinə-çiyinə çalışmaq gərəkdir. Bu böyük bəstəkar hər bir tələbəsinin insani keyfiyyətlərilə yanaşı, istedadının hansı sahədə uğur qazanacağını da öncədən dəyərləndirə bilirdi.

Görkəmli bəstəkar Soltan Hacıbəyov unudulmaz müəlliminin bu kimi örnək olası keyfiyyətlərini yüksək qiymətləndirərək yazır: “Mən Üzeyir Hacıbəyov kimi bu qədər səmimi olmağı bacaran, bilavasitə başqalarının nailiyyətləri ilə bu qədər sevinən, yeni-yeni sənət zirvələrinin fəthinə bu cür həvəsləndirən ikinci şəxsiyyət tanımırdım”.

O, hər kəsin, o cümlədən tələbələrinin hər birinin uğuruna sevinir, onları yazıb-yaratmağa ruhlandırır, sabah ehtimadını doğruldacaqları işə cəlb edirdi. İlk notlu Xalq Çalğı Alətləri Orkestri Üzeyir bəyin bədii rəhbərliyi və dirijorluğu ilə 1932-ci ilin oktyabrında 24 nəfərlə fəaliyyətə başlayır. Onların çoxu Üzeyir bəyin öz tələbələri idi.

Üzeyir bəy hər bir işdə səbirli və ardıcıl çalışan şəxslərdən idi. Başladığı işi yarımçıq qoymaq şakəri yoxdu. Elmira Abbasova yazır: “Orkestrin məşqləri olduqca orijinal idi. Musiqiçilər həm birlikdə çalmaq vərdişləri əldə edir, həm də musiqi tarixi və nəzəriyyəsinə dair biliklərə yiyələnirdilər. 4 il beləcə keçdi. Orkestr lazımınca möhkəmləndikdən sonra Üzeyir Hacıbəyov ona rəhbərlik etməyi öz etibarlı köməkçisi Səid Rüstəmova tapşırdı”.

Böyük bəstəkarın qismətində yenə də bir ilkə imza atmaq, vacib bir sənət sahəsinin təməl daşını qoymaq varmış. 25 may 1936-cı ildə Dövlət Filarmoniyası yarandı. Üzeyir bəy burada ilk dəfə Dövlət xorunu yaratdı. Üzeyir bəy o zaman təkcə Dövlət xorunu yaradıb ona dirijorluq etməklə işini bitmiş sanmamışdı. O günlərin canlı şahidi olmuş Xalq artisti Leyla Bədirbəyli xatırlayırdı ki, “filarmoniyanın, o cümlədən mahnı və rəqs ansamblının təşkili və fəaliyyəti Üzeyir bəyin əməyi və şəxsi iştirakı ilə bağlıdır”.

30 aprel 1937-ci il Üzeyir bəyin həyatında ən əlamətdar, tarixləşəcək bir gün idi. Həmin günün axşamı Üzeyir bəyin “Koroğlu” operasının ilk tamaşası oynanılırdı. Koroğlu rolunda Bülbül çıxış edirdi. İlk dəfə idi ki, Üzeyir bəyin uzaqgörənliyi sayəsində tar və kamança notlu orkestrdə vətəndaşlıq hüququ qazanırdı. Hüseyn Cavidin “Koroğlu” barədə fikirləri qəzetlərdə belə yer almışdı: “Koroğlu” operası Azərbaycanın opera aləmində öz revolyusion coşqunluğu ilə son dərəcə yüksək bir yer tutmaqdadır”.

1938-ci ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti günləri keçiriləcəkdi. Bununla yanaşı, 37-nin məşəqqətli günləri başlamışdı. Belə təlatümlü vaxtda onun deputatlığa namizədliyi Naxçıvan MSSR-dən Millətlər Sovetinə verilmişdi. Belə bir vaxtda Üzeyir bəylə rastlaşanda üzünə yaltaqcasına irişən filarmoniyanın yerli komitəsinin sədri Akopiyan Bakı Sovetindəki mərkəzi seçki komissiyasına, NKVD-yə iftira dolu bir məktub göndərmişdi: “Üzeyir Hacıbəyovun şəxsiyyəti mənim ücün qaranlıqdı, qardaşı Parisə qaçıb, himayə etdiyi sinifi dostları var. Üzeyir Hacıbəyovun gerçək üzünü aydınlaşdırmağı xahiş edirəm”. Akopiyanın Üzeyir bəy haqqında yazdığı böhtan dolu məktubun üstündən ona görə ölkə başçısı M.C.Bağırov sükutla keçmişdi ki, o zaman öz sahəsində yeganə şəxsiyyət idi.

1938-ci ildə Moskvada keçirilən ongünlükdə Üzeyir bəyin “Arşın mal alan” musiqili komediyası, “Koroğlu” operası böyük tamaşaçı məhəbbəti qazanmışdı. “Koroğlu” operasına dövlət adamları ilə yanaşı, ölkənin birinci şəxsi Stalin də baxmışdı və operadan çox xoşu gəlmişdi. O, hətta Üzeyir bəyə xüsusi diqqət göstərmişdi. Beləliklə, Üzeyir bəy o günə qədər başı üstündə hazır dayanan Damokl qılıncından xilas olmuşdu. Yaradanın lütfü ilə 37-nin gedər-gəlməzindən xilas olmuşdu.

Əhməd Bakıxanov “Ömrün sarı simi” adlı xatirələr kitabında dahi bəstəkarı yad edərək yazır: “1941-ci ildə Üzeyir bəy mənə dedi: - Mirzə, nə üçün tək çalırsan? Yaxşı ansambl təşkil et. Mən də sənə kömək edərəm. Doğrudan da, həmin il xalq çalğı alətləri ansamblını təşkil edərkən Üzeyir Hacıbəyov öz yardımını bizdən əsirgəmədi”.

Üzeyir bəyin portretini yaratmış SSRİ Xalq rəssamı Mikayıl Abdullayev müşahidələrinə əsaslanaraq yazır: “Üzeyir bəy öz tələbələrini ata məhəbbəti ilə diqqətlə dinləyir və onlara böyük qayğıkeşliklə göstərişlər verirdi. Gənc bəstəkar qızları - Ağabacını, Ədiləni, Şəfiqəni öz doğma qızları kimi mehribanlıqla dinləyərdi”.

Müasirlərindən Üzeyir bəyi tanıyan elə bir şəxs olmayıb ki, ona güvənməsin. Əvvəldə dediyim kimi, gənclik illərimdə Üzeyir bəyi yaxından tanıyan simsarları, tələbələri ilə görüşüb söhbət etmişdim. İndi o günlərdəki görüşləri, söhbətləri yada salaraq tam inamla deyə bilərəm ki, Üzeyir bəyin ürəyigenişliyinə, əliaçıqlığına, xeyirxahlıqlarına ömür-gün yoldaşı Məleykə xanım Həsənağa qızı da ömür boyu sayğı ilə yanaşmışdır.

Üzeyir bəy 1948-ci il 23 noyabrda dünyasını dəyişmişdi. Xalqın vidalaşması üçün onun cənazəsi “İsmailiyyə” binasının (AMEA Rəyasət Heyətinin binası) böyük salonunda qoyulmuşdu. O günlərin şahidi və iştirakçısı Xalq yazıçısı Mirzə İbrahimov yazır: “Dəfn mərasimi görünməmiş bir nümayişə çevrildi. Akademiyanın qabağından tutmuş fəxri simalar məqbərəsinə qədər bütün yaxın küçələr, evlərin balkonları, damların üstü adamlarla dolu idi. Bakı öz sevimli övladı ilə görünməmiş məhəbbət və hörmətlə vidalaşırdı”.

Üzeyir bəy məhz bu cür ehtirama, diqqətə layiq şəxsiyyətdir. İllər, qərinələr, əsrlər ötsə belə, Üzeyir bəy Hacıbəyli hər zaman ehtirama, diqqətə layiq olacaq. Çünki o, yalnız böyük bəstəkar, dramaturq, publisist, musiqişünas alim deyil, həm də təkrarı olmayan dahi bir İNSANDIR. Dahilər isə hər zaman yetişmir, heç vaxt unudulmur.

Mustafa ÇƏMƏNLİ,
yazıçı-publisist,
Əməkdar mədəniyyət işçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью