Dahilərimizə əbədiyyət obrazı qazandırmış heykəltaraş

20.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Fuad Əbdürrəhmanovun zəngin yaradıcılıq irsi bədii albomda 
Elə sənətkarlar var ki, onların yaratdıqları əsərlər zaman keçdikcə tarixi yaddaşa, milli düşüncəyə və xalqın mənəvi dünyasının ayrılmaz hissəsinə çevrilir. Belə sənətkarların yaradıcılığını araşdırmaq, irsini gələcək nəsillərə çatdırmaq mədəniyyətin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan heykəltaraşlıq sənətinin görkəmli nümayəndəsi, monumental sənətimizin dünyada tanınmasında müstəsna xidmətləri olan heykəltaraş Fuad Əbdürrəhmanov da məhz belə sənətkarlardandır. Onun yaratdığı monumental abidələr, portretlər, heykəltaraşlıq nümunələri milli incəsənətimizin zəngin salnaməsində xüsusi yer tutur. Görkəmli sənətkarın həyat və yaradıcılığını əhatə edən bədii albomun “Xalq Əmanəti” layihəsi çərçivəsində hazırlanması mühüm mədəni hadisədir.
Təqdimat mərasimində sənətkarın irsinə, yaradıcılığının müxtəlif istiqamətlərinə yenidən nəzər salındı və Azərbaycan heykəltaraşlığının inkişaf tarixindəki xidmətləri bir daha diqqətə çatdırıldı. 
Kitabın mətn müəllifi akademik Rafael Hüseynov bu nəcib təşəbbüsə görə Xalq Banka təşəkkür edərək dedi: 
– Böyük sənətkarlar, şairlər, yazıçılar, alimlər, istedad sahibləri ­Allahın insanlara əmanətidir. O, böyük şəxsiyyətləri yaradır ki, cəmiyyətin, insanlığın işığı çox olsun. Artıq neçə illərdir ki, Xalq Bankın “Xalq Əmanəti” layihəsi məhz əmanət insanların yaradıcılığına işıq salır. Layihə çərçivəsində nəşr olunan kitabların hər biri həmin böyük şəxsiyyətlərə ucaldılan abidələrdir. Üzeyir Hacıbəyli yazırdı ki, biz Avropa operasının sadədən mürəkkəbə doğru əsrlərlə keçdiyi yolu 30 ildə arxada qoyduq. Fuad Əbdürrəhmanov kimi böyük heykəltaraşların sayəsində Azərbaycan heykəltaraşlığı da həmin yolu çox qısa müddətdə keçdi və dünya heykəltaraşlığına töhfələr verə biləcək böyük sənətkarlar yetişdirdi.
Fuad Əbdürrəhmanovun ilk işi 1934-cü ildə yaratdığı “Oxatan” heykəli idi. O dövrdə bütün dünya, o cümlədən Sovet İttifaqı, o sıradan Azərbaycan dahi şair Əbülqasim Firdovsinin minilliyini bayram edəcəkdi. Bu münasibətlə Azərbaycanda “Şahnamə” ilə bağlı məqalələr yazılır, kitablar nəşr olunurdu. Hüseyn Cavid “Səyavuş” pyesini yazmışdı. Rəssamlar, heykəltaraşlar da işləyirdilər. Fuad Əbdürrəhmanovun 19 yaşında Əbülqasim Firdovsinin yubileyinə həsr etdiyi “Oxatan” heykəli dərhal mütəxəssislərin diqqətini cəlb etdi. 
Bu heykəl böyük fəlsəfi məna daşıyır. “Şahnamə”də kaman çəkən, ox atan Arəş adlı surət var. Ölkənin sərhədlərini müəyyən etmək lazımdır. Ona deyirlər ki, sənin atdığın ox hara düşsə sərhədlər oradan keçəcək. Sən oxu nə qədər uzağa atsan, 300-500 metr olacaq. Amma öz ruhunu, canını oxa qoyub atsan, özün həlak olacaqsan, amma oxun çox uzaqlara gedəcək. Arəş razılaşır, oxu atır. Onun oxu uça-uça çox uzaqlara çatır. Fuad Əbdürrəhmanovun da bütün ürəyini, canını, ruhunu qoyaraq yaratdığı “Oxatan” Azərbaycan heykəltaraşlığının uğurlarını çox uzaqlara çatdırırdı.
Rudəkinin heykəli üçün Ümumittifaq müsabiqəsi elan edilmişdi. Müsabiqədə SSRİ-nin hər yerindən çox məşhur heykəltaraşlar olmaqla 115 nəfər iştirak edirdi. 115 nəfərin içərisində Fuad Əbdürrəhmanov 1-ci yeri tutdu. Sonra İbn Sinanın heykəlini də gözəl düzəltdi.
Nizami Gəncəvini heç kim görməyib, onun rəsmi də bizə gəlib çatmayıb. Ancaq 2 şəkil həmişə gözümüzün qabağındadır: Fuad Əbdürrəhmanovun yaratdığı Nizami heykəli və Qəzənfər Xalıqovun çəkdiyi Nizami portreti. Bəli, Fuad Əbdürrəhmanov sənətdə elə bir üslub yaratdı ki, bu üslubda yaranan əsərə baxanda bilirsən ki, bu, Azərbaycan üslubudur. 
Tanınmış jurnalist və elmi işçi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi və institutun ­­­­­“Poetika.izm” jurnalının məsul redaktoru, Fuad Əbdürrəhmanovun xalası qızı Ülkər Hüseynova dedi:
– Axırıncı dəfə Fuad Əbdürrəhmanovu 1962-ci il aprel ayının 29-da görmüşəm. Bacımın həyat yoldaşı vəfat etmişdi. Səhər saat 11-də qapı döyüldü, açdım ki, Fuaddır, təxminən, 2 saata qədər bizimlə oturdu. Fuad Əbdürrəhmanov həyatda çox sakit, az danışan insan idi. Əlbəttə, bunun səbəbləri var idi. O, çox xoşbəxt sənətkar idi, amma ailə cəhətdən bəxti gətirməmişdi. 1937-ci ildə bacısının həyat yoldaşını tutdular. O, Salamzadələr nəslindən idi. Sonra bacısı Fəridə xanımı da həbs düşərgələrindən birinə göndərdilər. 1946-cı ildə onu buraxdılar, amma öz evində – ­Salamzadələrin öz mülkündə yaşamağa qoymadılar. Dedilər ki, sən Bakıda yaşaya bilməzsən, rayona getməlisən. 
Əlbəttə, bu hadisələr Fuada çox pis təsir edirdi. Tez-tez xalamgilə gedir, onunla söhbətləşirdik. O qədər istiqanlı, mehriban idi ki, amma mən onun gülər üzünü görmürdüm. Aramızda 22 yaşa qədər fərq var idi. 
Fuad elə bir sənətkardır ki, ömrü bəşər qədər olacaq. Görün, o kimlərin heykəlini yaradıb, 9 əsrdir Nizami bizimlədir. Deməli, Fuadın da ömrü 9 əsrlikdir. Ondan sonra dahi Füzuli, Səməd Vurğun, Rudəki, İbn Sina, Mehdi Hüseynzadə, Həzi Aslanov. Onun yaratdığı bəşəri obrazlar tarixdən silinməyəcək, heç bir siyasi, ictimai dəyişikliyə məruz qalmayacaq. Nə qədər ki, bəşər var, o heykəllər yaşayacaq, deməli, Fuad da o qədər yaşayacaq. Xalq Banka dərin təşəkkürümü bildirirəm.
Xalq rəssamları Səhlab Məmmədov, Arif Hüseynov və başqaları sənətkarın həyat və fəaliyyətindən, Azərbaycan monumental heykəltaraşlığının inkişafına verdiyi töhfələrdən danışdılar.
Mərasimdə Fuad Əbdürrəhmanovun ailə üzvləri də iştirak edirdilər.
Qeyd edək ki, ASC “Xalq” Bankı 2010-cu ildən etibarən mədəni irsimizin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyan “Xalq Əmanəti” layihəsini həyata keçirir. Layihə çərçivəsində bugünədək Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Tağı Tağıyev, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov, Əməkdar rəssam Cahid Camal, Ələkbər Rzaquliyev, Mahmud Tağıyev, Əməkdar incəsənət xadimi Vəcihə Səmədova, Kamal Əhmədlə yanaşı, Mirzə Qədim İrəvani, Şamo Abasov, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltaraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub. 
Xalq şairləri Məmməd Araz, Hökumə Billuri, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin və Güney Azərbaycan şairlərinin əsərlərindən ibarət antologiya, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.

M.Əliyeva
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью