“Daily Mail” qalmaqalı: Şahzadə Harri apellyasiyaya hazırlaşır

07.11.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Britaniya şahzadəsi Harri, müğənni Elton Con və digər tanınmış şəxslər “The Daily Mail” qəzetinin naşirinə qarşı irəli sürdükləri telefon dinləmələri və şəxsi məlumatların qanunsuz əldə edilməsi ilə bağlı iddiaların rədd edilməsindən apellyasiya şikayəti verməyə hazırlaşırlar.

Bakıvaxtı.az xəbər verir ki, iddiaçıların nümayəndəsi bildirib ki, onlar hakim Metyu Niklinin iddiaların rədd edilməsi və məhkəmə xərclərinin ödənilməsi ilə bağlı qərarından apellyasiya şikayəti vermək üçün icazə istəyiblər.

Qeyd olunub ki, iddiaçılar məhkəmənin qərarları ilə razılaşmır və onları həm hüquqi, həm də faktiki baxımdan əsassız hesab edirlər.

Xatırladaq ki, yeddi tanınmış şəxs “Daily Mail” və “Metro” qəzetlərinin naşiri olan Associated Newspapers şirkətinə qarşı iddia qaldırmışdı. İddiaçılar arasında şahzadə Harri, Elton Con, Devid Ferniş, aktrisalar Elizabet Herli və Seydi Frost, eləcə də oğlu irqi zəmində törədilmiş zorakılıq nəticəsində öldürülən baronessa Dorin Lourens yer alıb.

Onlar “Daily Mail” jurnalistlərini telefon danışıqlarını qanunsuz dinləməkdə, şəxsi məkanlarına gizli dinləmə cihazları yerləşdirməkdə və polis əməkdaşlarına rüşvət verməkdə ittiham ediblər.

Murad İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью