Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
Prezident İlham Əliyev tərəfindən təsdiqlənən müvafiq Dövlət proqramlarının ölkə iqtisadiyyatını gücləndirəcəyinə, vətəndaşların sosial vəziyyətini yaxşılaşdıracağına və müasir infrastruktur təminatına yeni təkan verəcəyinə böyük əminlik var
Dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycanın məqsədyönlü siyasəti konseptual səciyyə daşıyır. Respublikamızda gözəl ənənə formalaşıb. Belə ki, ölkəmizdə ayrı-ayrı istiqamətlər üzrə qlobal çağırışlar, daxili potensial və cəmiyyətin sosial sifarişləri nəzərə alınmaqla çoxillik Dövlət proqramları qəbul edilir. Genişmiqyaslı tədbirlər planına malik olan bu proqramların icrası bir qayda olaraq Prezident İlham Əliyevin şəxsi nəzarəti altında yüksək səviyyədə yerinə yetirilir.
Dövlət proqramları ölkənin sosial-iqtisadi inkişaf dinamikasına güclü şəkildə təsir göstərir. O cümlədən son vaxtlarda Prezident İlham Əliyev tərəfindən təsdiqlənən müvafiq Dövlət proqramlarının ölkə iqtisadiyyatını gücləndirəcəyinə, vətəndaşların sosial vəziyyətini yaxşılaşdıracağına və müasir infrastruktur təminatına yeni təkan verəcəyinə böyük əminlik var. Mütəxəssislərin qənaəti belədir ki, qəbul edilmiş proqramlar qeyri-neft sahəsində artımı daimi və uzunmüddətli edəcək.
Etibarlı su təminatı strateji çağırışlardan biri kimi
Ölkəmizdə su təchizatına həssas yanaşma sərgilənir. Prezident İlham Əliyev etibarlı su təchizatına nail olunmasını müstəqil Azərbaycanın strateji hədəfindən biri kimi müəyyənləşdirib. Belə həssas yanaşma isə təsadüfi deyil. Bu, həm qlobal çağrışlarla, həm də ölkəmizin reallıqları ilə bağlıdır.
Mütəxəssislər yeni minillikdə su ehtiyatlarının geostrateji əhəmiyyətinə diqqət çəkərək bildirirlər ki, XXI əsrdə su neftin ötən əsrdəki yerini tuta bilər. Həqiqətən də, müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Verilən məlumatlara görə, hazırda dünyada təxminən 1,5 milyard insan içməli su çatışmazlığından əziyyət çəkir. BMT-nin yaydığı hesabat həyəcan təbili çalmağa əsas verir. Qurumun hazırladığı müvafiq hesabatda göstərilir ki, ötən əsrin 50-ci illərində əhalisi 50 milyondan az olan yalnız 12 ölkə su qıtlığı problemi ilə qarşılaşıb. Ötən əsrin 90-cı illərində bu göstərici 2 dəfədən çox artıb və əhalisi 300 milyon nəfər olan 26 ölkə su çatışmazlığı problemindən əziyyət çəkib. Bu minvalla 2050-ci ildə 65 ölkədə 10 milyard nəfərə yaxın insan su çatışmazlığı ilə üz-üzə qalacaq.
Su təchizatı məsələsi həmçinin Azərbaycan üçün də çox aktualdır. Respublika ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir.
Dövlətin su təhlükəsizliyinə həssas yanaşmasını şərtləndirən digər bir vacib məqam respublika üzrə yerüstü su ehtiyatlarının təqribən 75 faizinin qonşu ölkələrdən daxilolmaların hesabına formalasıdır. Qonşu ölkələrdən, xüsusilə də Ermənistan ərazisindən daxil olan suların mütəmadi olaraq çirkləndirilməsi də çox ciddi problemdir. Eyni zamanda, qlobal iqlim dəyişmələri və orta temperaturun yüksəlməsi, çaylarda sululuğun əhəmiyyətli dərəcədə azalması su ehtiyatlarının həcminə mənfi təsir göstərir. Digər bir vacib faktor isə Azərbaycanın davamlı inkişafı ilə bağlıdır. 2004-cü ildən başlayaraq Azərbaycanda ardıcıl olaraq regional inkişaf proqramları qəbul edilib. Həmin proqramların icrası çərçivəsində bölgələrimiz də iqtisadi güc mərkəzlərinə çevrilib, regionlarda iri təsərrüfatlar yaradılıb və beləliklə də, suvarma və içməli su təchizatı üzrə şəbəkələr genişləndirilib. Bütün bunların nəticəsi olaraq suya tələbat artıb.
Bu kimi reallıqlar nəzərə alınmaqla son 22 ildə ölkəmizdə genişmiqyaslı su layihələrinin icrasının prioritetliyi təmin edilı. Bu barədə 2026-cı il yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə ətraflı məlumat verilib. Statistika kifayət qədər zəngindir. Ötən dövrdə dörd irihəcmli su anbarının inşası böyük nailiyyətdir. Bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd edə bilərik. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı imkan verdi ki, Samur çayının suları “Ceyranbatan” su anbarına yığılsın və orada ehtiyat yaradılsın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulub, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilib.
Postmüharibə dövründə isə işğaldan azad edilmiş ərazilərdə də içməli su və suvarma layihələri icra edilir. Hazırda ölkəmizin su mənbələrinin təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır. Bu su mənbələrinin üstünlüyü də odur ki, bunların əksəriyyəti Azərbaycan ərazisindədir. Burada son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onların arasında, ilk növbədə “Sərsəng” su anbarını qeyd etmək mümkündür. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, suya tələbat azalanda isə buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay”, Ağdam rayonunda “Xaçınçay” su anbarları yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının - “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur.
İki mərhələdə həyata keçiriləcək Dövlət Proqramı
Son 22 ildə ölkəmizdə genişmiqyaslı su layihələrinin icrasının prioritetliyi təmin edilsə də, bu sahədə həllivacib məsələlər də kifayət qədər çoxdur. Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun məlumatına əsasən, Bakı şəhərindəki su və kanalizasiya sistemləri əsasən 1980-ci illərin sonuna qədər hazırlanıb və o gündən bu günə qədər yaşayış məntəqələrinin ərazisi 2,6 dəfə, əhalisi isə 2,1 dəfə artıb. Əsas magistral xətlərin istismar müddəti çoxdan başa çatıb, müasir nəzarət sistemləri də standartlara heç bir şəkildə cavab vermir. Bunların çoxunun ömrünün 40-50 il olmasını nəzərə alsaq, onların istismar müddəti artıq başa çatıb. Əksər yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması səbəbindən sistemlərdə əlavə yükləmələr yaranır. Bir çox magistral xətlərin mühafizə zonalarının tikinti altına düşməsi, kanalizasiya şəbəkəsinin məhdud olması da təcili qaydada tədbirlər görülməsini zərurətə çevirib.
Eyni zamanda, respublikamızda regional inkişafın prioritetliyi hədəflənib. Prezident İlham Əliyev “Şəhərdən kəndə” devizini irəli sürüb. Regional inkişafda daha sürətli dinamikaya keçid edilməsi ilə paralel şəkildə bölgələrdə yeni torpaqların dövriyyəyə cəlb olunması zərurəti yaranıb. Bu isə suvarma suyuna tələbatın artması deməkdir. Beləliklə də, dövlət başçısının siyasi iradəsinə uyğun olaraq ölkəmizin su təhlükəsizliyinin təmin olunmasında yeni mərhələyə keçid edilir.
Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramında qarşıya mühüm hədəflər qoyulub. Bakının və Abşeronun su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev yanvarın 12-də sərəncam imzalayıb. Mühüm məqamlardan biri ondan ibarətdir ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verilməsi nəzərdə tutulur.
Dövlət Proqramı müvafiq ərazilərdə su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədilə hazırlanıb. Proqram 2026-2035-ci illəri əhatə etməklə iki mərhələdə həyata keçiriləcək. 2026-2030-cu illəri əhatə edən birinci mərhələdə su və kanalizasiya infrastrukturu yenidən qurulacaq. 2031-2035-ci illəri əhatə edən ikinci mərhələdə isə yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, su təchizatının fasiləsizliyinin təmin olunması və müasir xidmət modellərinin tətbiqi prioritet istiqamətlər kimi müəyyən ediləcək.
Qəbul edilən Dövlət proqramının ardınca su təsərrüfatında struktur islahatlarına da start verilib. Dövlət başçısının 20 fevral 2020-ci il tarixində imzaladığı müvafiq fərmanla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili strateji önəm daşıyan su təhlükəsizliyi məsələsinə son dərəcə həssas yanaşmanın daha bir ifadəsidir. Struktur islahatları dövlət başçısının təsdiqlədiyi milli su strategiyasının hədəflərinə tam uyğundur. Fərmanla “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxs kimi müəyyənləşdirilib. “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyəti isə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərəcək. Su təsərrüfatında aaparılan struktur islahatları ilk növbədə idarəetmənin optimallaşdırılması, nəzarətin gücləndirilməsi və itkilərin minimuma endirilməsi, eləcə də keyfiyyətin daha da yaxşılaşdırılması məqsədi daşıyır.
Aqrar sektorun inkişafında yeni dövr
Respublikamızda əhalinin təxminən yarısının bölgələrdə yaşadığını nəzərə alsaq, aqrar sektorun potensialından səmərəli istifadə edilməsinin sosial-iqtisadi inkişaf, əhalinin rifah halının yaxşılaşdırılması, məşğulluq səviyyəsinin yüksəldilməsi baxımından nə qədər böyük önəm daşıdığı barədə konkret təsəvvür yaranar. Bu reallıq nəzərə alınmaqla son 22 ildə kənd təsərrüfatında potensialı, gəlir imkanları böyük olan, məşğulluq üçün geniş imkanlar açan perspektivli sahələrin inkişafı diqqət mərkəzində saxlanılıb və yaxşı nəticələr əldə olunub. Görülən işlərin davamı olaraq Prezident İlham Əliyev 25 may 2026-cı il tarixində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiqləyib. Bu sənəd aqrar sektorun həm bitkiçilik, həm də heyvandarlıq sahələrində gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm strateji sənəddir. Proqramın əsas məqsədi kənd təsərrüfatında dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin etmək, ərzaq təhlükəsizliyini gücləndirmək, məhsuldarlığı artırmaq, innovasiya və rəqəmsallaşmanı genişləndirməkdir. Geniş əhatə dairəsinə malik olan Dövlət Proqramı 5 prioritet istiqaməti, 16 fəaliyyət istiqamətini, 86 tədbiri və 23 hədəf indikatorunu əhatə edir. Sənədə əsasən bir sıra strateji məhsulların, xüsusilə də buğda və pambıq istehsalında yerli təminat və məhsuldarlığın yüksəldilməsi, intensiv bağçılıq və heyvandarlığın inkişafı diqqət mərkəzində saxlanılacaq. Proqram çərçivəsində aqrar sektora ümumilikdə 5 milyard manatdan çox (bunun 2 milyard manatdan çoxu dövlət xətti ilə, təqribən 3 milyard manatdan çoxu isə özəl sektor tərəfindən) vəsaitin cəlb edilməsi planlaşdırılır. Həmçinin, bu proqramın davamı olaraq 10 sentyabr 2026-cı il tarixində dövlət başçısı tərəfindən “Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027-2032-ci illər üçün Dövlət Proqramı” da təsdiq edilib ki, bu da “tarladan süfrəyədək” qida zəncirinin tam təhlükəsiz idarə olunmasına xidmət edir.
Azərbaycan üçün yeni başlanğıc - torpaqların konsolidasiyası
Dövlət Proqramında yaxın perspektivdə aqrar sektorda çox mühüm islahatların aparılması nəzərdə tutulur ki, bunlardan biri də torpaqların konsolidasiyasıdır. Bu, Azərbaycan üçün yeni bir başlanğıcdır. Torpaqların konsolidasiyası müvafiq icra hakimiyyəti orqanının yaratdığı komissiyanın qərarı əsasında hazırlanan layihə ilə həyata keçirilir. Layihədə torpaq sahələrinin mövcud vəziyyətinin təhlili, yeni sərhəd-yerləşmə sxeminin mülkiyyətçilərlə razılaşdırılması, infrastruktur dəyişiklikləri əks etdirilir. Komissiyanın qərarı ilə təsdiq olunan bölgü sənədi daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı üçün əsas kimi çıxış edir. Bu mexanizm konsolidasiya prosesinin şəffaf, mübahisəsiz və hüquqi cəhətdən etibarlı şəkildə başa çatdırılmasını təmin edir. Torpaq parçalanmasının yeni formada davam etməsinin qarşısını almaq məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqların alqı-satqı və digər özgəninkiləşdirmə yolu ilə bölünməsinə yalnız nəticədə yaranan hər bir sahənin ölçüsü 5 hektardan az olmadığı hallarda yol verilir. Bu məhdudiyyət kiçik, qeyri-səmərəli sahələrin yenidən yaranmasının qarşısını alır.
Qəbələ və Salyanın kəndlərində torpaq konsolidasiyası pilot layihəsi həyata keçiriləcək. Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib. Onun sözlərinə görə, layihə 32 kəndi və ümumilikdə 20 min hektar ərazini əhatə edəcək. “Konsolidasiya torpaq mülkiyyətinin itirilməsi demək deyil. Əksinə, fermerlər öz mülkiyyət hüquqlarını qoruyub saxlayacaqlar. Məqsəd bir fermerə məxsus müxtəlif ərazilərdə yerləşən torpaq sahələrinin birləşdirilərək vahid təsərrüfat şəklində təşkil edilməsidir. Konsolidasiyanın əsasını həmin ərazilərdə daxili və qapalı suvarma şəbəkələrinin qurulması təşkil edir. Bununla yanaşı, hər bir torpaq sahəsinin yol infrastrukturu ilə təmin olunması nəzərdə tutulur”, - deyə nazir vurğulayıb.
M.Məmmədov əlavə edib ki, hər hansı kənddə konsolidasiya aparıldıqda fermerlərin parçalanmış torpaq sahələri birləşdiriləcək, sahələrə qədər təzyiqli su çatdırılacaq, yol infrastrukturu yaradılacaq və ehtiyac olan yerlərdə drenaj sistemləri qurulacaq. Torpaq konsolidasiyası islahatının önəminə diqqət çəkən nazir bildirib: “Konsolidasiya fermerlərin xərclərinin azalmasına və təsərrüfat fəaliyyətinin daha səmərəli təşkilinə şərait yaradacaq. Fermerlər vahid ərazidə daha böyük həcmdə əkin işləri apara, müasir aqrotexniki tədbirləri daha effektiv tətbiq edə biləcəklər. Eyni zamanda, yol, suvarma, koordinat və torpaq sahələrinin parçalanması ilə bağlı mövcud problemlərin aradan qaldırılması fermerlərin fəaliyyətini asanlaşdıracaq. Nəticədə torpaq sahələrinin bazar dəyərinin də artacağı gözlənilir. Bundan əlavə, konsolidasiya həyata keçirilən ərazilər üçün xüsusi subsidiya və təşviq mexanizmlərinin tətbiqi də nəzərdən keçirilir. Məqsəd fermerlərin bu prosesdə daha könüllü və rahat şəkildə iştirakını təmin etməkdir”.
Mübariz ABDULLAYEV