Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
Bakının Nizami rayonunda fəaliyyət göstərən "Dakar Pub" adlı iaşə obyektində oğurluq hadisəsi baş verib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, obyektdən 5 ədəd "Play Station 3" oyun aparatı, 1 ədəd soyuducu, 5 ədəd televizor, 6 ədəd qəlyan, 16 ədəd qəlyan tütünü və 8 cüt coystik oğurlanıb. Zərərçəkmişə ümumilikdə 5590 manat ziyan dəyib.
Məlum olub ki, hadisəni törədən obyekti icarəyə götürən şəxsin tanışıdır. Hüquq-mühafizə orqanlarına müraciətdən sonra həmin şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət işinə Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlini pula ehtiyacı olması ilə izah edib. Həmçinin məlum olub ki, dəyəmiş zərər ödənilib və tərəflər arasında barışıq əldə olunub.
Məhkəmənin hökmü ilə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun ibtidai istintaq zamanı tutulduğu və saxlanıldığı 3 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid