Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
Mətanət Məmmədova
Bu gün məhəllədə, küçədə deyil, televiziya kanallarında, sosial mediada, sosial platformalarda bir-birinə “müharibə” elan edən, davaya çıxan, xüsusilə də bu davalarda ölü-dirisini məsələyə qatan xanımlara üz tutub onlara bir neçə məsləhət vermək istədim.
Birincisi, niyə dava edirsiniz? Kiminsə istedadı təbii ki, bir-birindən fərqli ola bilər. Kiminsə səsi digərindən yaxşı ola bilər. Kimi canlı oxuyub ürəkləri riqqətə gətirə, kimi də efirlərdən bəyan edə bilər ki, mən ümumiyyətlə, canlı oxumuram. Fanaqrama ilə millətin gözünün içinə “dik” baxa bilirəm.
Niyə dava edirsiniz? Özünüz efirlərdən ailənizlə bağlı, həyatınızla bağlı açıqlamaları millətin qarşısında sərgilərmirsinizmi? Televiziya verilişlərinə çağırılan, burada sanki özünü evində-dörd divarın arasında hesab edən xanımlar, axı hər şeyi özünüz danışıb, sonra bunu müzakirə edənlərlə davaya qalxırsınız.
Yaxşı, deyək ki, sözünüz, iradınız bir-birinizə xoş gəlmir, tənqidə, məsləhətə açıq deyilsiniz. Ola bilər. Adam var ki, istədiyi kimi geyinir, danışır, oxuyur, nitq söyləyir, çıxışlar edir, lakin bütün iradlara, tənqidlərə də reaksiyasız qalır. Eləsi də var ki, bunların hər birinə reaksiya verir, üstəlik aqressivləşir, ağzına gəlni deyir, yazır və sair.
Əlbəttə, xarakterlərə görə davranışlar da dəyişir. Olsun, artıq cəmiyyət olaraq bunu qəbul edirik. Lakin bir məsələ qəbuledilməzdir. Nə üçün kimin sözü, iradı, tənqidi bir-birinə xoş gəlməyəndə qarşısındakının dünyadan köçənlərini də məsələyə daxil edir? Bu, nə dərəcədə etikdir?
Dava edirsiniz, əlbəttə, əslində etməməlisiniz. İradını bildirən də ciddi şəkildə, tövsiyə xarakterli, lağlağılıqdan kənar vəziyyətdə etməlidir, bunlar da qarşısındakı xanım tərəfindən səmimi şəkildə qəbul edilməlidir. Bəzən səmimi qəbul edilməyə də bilər. Lakin həm irad, həm də irada cavab etik, qadına yaraşan şəkildə olmalıdır. Burada nə ölülər, nə də digər dirilər söhbətin mövzusu ola bilməz.
Kimə nə haqq verir ki, dava etdiyi adamın dünyasını dəyişmiş əzizlərini məsələyə qatsın? Kimə nə haqq verə bilər ki, dava etdiyi tərəf müqavilinin ailəsini, övladlarını söhbətə qarışdırsin? Həm ölülər, həm də dirilər haqqında qeyri-etik ifadələr işlətsin? Kim, nə haqq verir?
Dava iki nəfər arasında gedirsə, burada üçüncü şəxsin nə günahı var? Nə üçün illər öncə dünyadan köçən insan bu kimi çılız söhbətlərin “iştirakçısına” çevrilməlidir? Xanımlar arasında davalardan sonra bəzən bir-birinin sicilini araşdırıb ortaya qoyduqlarını müşahidə edirik. Nə üçün? Ürəyiniz soyumur? Kin sizi tərk etmir?
Əslində bu xalqın qadınına yaraşmır ki, bir-biri ilə elə dalaşsın ki, sosial media, şəbəkələr ilə bir olsun. Biz bu tərbiyəni almamışıq. “Qadının səsi ucadan çıxmaz”, “qadının ağzına nalayiq sözlər yaraşmaz”, “qadın davaya çıxmaz”,- deyiblər bizə”. Xüsusilə də qadınlar həssas olduğu üçün inanmazdıq ki, bir-biri ilə dava edəndə həyatdan köçənlərini də bu davanın obyektinə çevirsin, həyat yoldaşlarını və övladlarını da məsələyə daxil etsinlər. Nalayiq sözlər danışsın, bir-birini, necə deyərlər, duelə çağırsınlar.
Gərəkdir və vacibdir ki, hər kəs cəmiyyətdə özümüzü layiqli çəkildə aparsın. Çünki milyonların gözü televiziyalarda, sosial mediada, sosial şəbəkələrdədir. Hər kəs geyimi, danışığı, hadisələrə münasibəti ilə insanların gözü qarşısındadır. Burada azyaşlılar, yeniyetmə və gənclər olduğu unudulmamalıdır. Çünki baş verənlərin hər biri onların yaddaşına həkk olur. Sabah onların da bir-birinə sayğısını, davranışını, münasibətini formalaşdırır. Və bu davranışlardan onlar belə tərbiyə ala bilər ki, dava edəndə dünyadan köçənləri söhbətə qatmaqda, onları söyməkdə, televiziya kanallarında, sosial mediada ağzına gələni danışmaqda, nalayiq sözlər işlətməkdə heç bir qüsur yoxdur. Bax, elə əsas problem də burada yaranmağa başlayır. Bu səbəbdən də dalaşan xanımlar, sizə üz tutub davanızda ədəb-ərkandan kənara çıxmamağa, qeyri-etik davranışlara yol verməməyə çağırıram. Unutmayaq ki, internet bizi milyonlarla insana təqdim edir və geyimimizlə, davranışımızla, danışığımızla bir azərbaycanlı qadın olaraq onların gözü qarşısındayıq.