Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər

06.10.2026

Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milyarder investor və “Bridgewater Associates” şirkətinin təsisçisi Rey Dalio (Ray Dalio) Çin və Yaponiyanın ABŞ dövlət istiqrazlarına tələbi azaltmasının Amerika istiqraz bazarı üçün ciddi risk yarada biləcəyi barədə xəbərdarlıq edib.

Marja.az Bloomberg-ə istinadən xəbər verir ki, Dalio bildirib ki, ABŞ öz borcunun təxminən üçdə birini xarici kapital hesabına maliyyələşdirir və bu vəsaitlərin mühüm hissəsi Yaponiya və Çindən daxil olur.

Dalionun sözlərinə görə, Çin ABŞ dövlət istiqrazlarını əvvəlki templə toplamaqda maraqlı deyil. O qeyd edib ki, bunun səbəbləri yalnız iqtisadi amillərlə deyil, həm də ABŞ ilə Çin arasındakı geosiyasi münasibətlərlə bağlıdır.

"Çin ABŞ istiqrazlarını toplamağa davam etmək istəmir”, – Dalio Bloomberg Television-a müsahibəsində bildirib.

Milyarder investor Yaponiyanın da uzun illər ərzində ABŞ-a böyük həcmdə kapital təqdim etdiyini, lakin indi bu vəsaitlərin bir hissəsini geri çəkməyə ehtiyac duyduğunu vurğulayıb.

Dalionun açıqlamaları ABŞ xəzinədarlıq istiqrazlarında satışların davam etdiyi bir dövrə təsadüf edir.

10 illik ABŞ xəzinədarlıq istiqrazlarının gəlirliliyi 5,3%-ə yaxınlaşaraq 2002-ci ildən bəri ən yüksək səviyyələrə yaxınlaşıb.

Bloomberg məlumatlarına görə, ilin əvvəlindən qlobal istiqrazların dəyəri təxminən 3%, ABŞ xəzinədarlıq istiqrazlarının dəyəri isə 2,8% azalıb.

Dalio borc böhranı riskini yenidən gündəmə gətirib

Rey Dalio ABŞ-ın qarşıdakı üç il ərzində potensial borc böhranı ilə üzləşə biləcəyi barədə əvvəlki xəbərdarlığını da təkrarlayıb.

Onun fikrincə, bəzi borcalanlar artıq yüksək faiz dərəcələri və maliyyələşmə xərclərinin artmasının yaratdığı təzyiqi hiss etməyə başlayıblar.

Dalionun açıqlamaları ABŞ-ın maliyyə naziri Skott Bessentin iqtisadi artım və dövlət xərclərinin məhdudlaşdırılması hesabına hökumətin borclanma trayektoriyasının “çox sürətlə” aşağı çevrilə biləcəyi barədə fikirlərindən sonra səsləndirilib.

ABŞ istiqrazlarının əsas xarici alıcılarından olan Çin və Yaponiyanın tələbinin azalması bazarda istiqraz qiymətlərinə əlavə təzyiq yarada, gəlirliliklərin isə daha da yüksəlməsinə səbəb ola bilər.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью