futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Misli Premyer Liqasının XIII turunun “Sabah” – “Araz-Naxçıvan” oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:
– Onu qeyd etmək istəyirəm ki, bugünkü matça hazırlaşmaq çox çətin oldu. “Barselona” ilə ağır oyundan sonra bir az bərpa keçdik. Nə deyirsiniz deyin, görüş ağır oldu. İndiyə qədər oynadığımız komandaların 70-80 faizindən daha yaxşı hücuma çıxırdılar. Sadəcə sonluğu gətirə bilmirdilər. Biz də pressinq etdik, topla daha çox oynamağa çalışdıq. 3-4 qol fürsəti yaratdıq, amma top tora daxil olmadı. İki möhtəşəm qol vurduq və qələbə qazandıq. “Barselona” ilə matçdan sonra bu oyuna köklənmək çətin idi.
Hakimlərdən danışmaq istəyirəm. Bu gün verilən qərarları başa düşə bilmədim. Həddindən artıq çox sarı vərəqə verdilər. Biz hakimlərdən kömək istəmirik. Amma komandalara eyni yanaşmalıdırlar. Məğlub olsaydıq da, bu fikirləri bildirəcəydim.
– İki mövsümdür, Azərbaycanda çalışırsınız. Daha əvvəl biz soruşanda referilərdən danışmırdınız. Artıq elə həddə çatmışınız ki, sual vermədən bundan bəhs edirsiniz. Təcrübəli mütəxəssis kimi hakimliklə bağlı çıxış yolunu nədə görürsünüz?
– Bu, səlahiyyətimdə olan məsələ deyil. Gecə-gündüz çalışıram ki, komandamdakı işləri həll edim. Referilərdən danışmaq mənim mövzum deyil. Yadınıza gəlirsə, bəzi matçlarda hakimlərdən söz açmışam. “Sabah” – “Sumqayıt” oyununu xatırlayın, iki qolumuzu saymamışdılar. Bu gün də hisslərim çox pisdir. Düzdür, Çempionlar Liqasında nə olursa olsun, hakimlərdən şikayət yoxdur. Bu gün isə həqiqətən, qərarların nə üçün belə verildiyini başa düşmədim.
– “Barselona” ilə oyunda 70 minə yaxın fanat var idi, amma bugünkü matçda 1000-1200 tamaşaçı olardı.
– Azərbaycanda qlobal problemlərdən biri stadionlar və azarkeşlərdir. Dünən Yuri Vernidub fanatları “Neftçi”ni dəstəkləməyə çağırır. Amma stadionda demək olar, azsayda fanat olur. Ötən il 33 oyunluq seriyamız var idi, bu mövsüm belə digər qarşılaşmalar maraqlı keçir, matçlarımız dramatik olur, amma azarkeş gəlmir. “Barselona” ilə matçda 70 minə yaxın fanat tribunada olur, amma çempionatda yox. Milli komandanın oyunlarında belə bu problemlər var. Tovuz və Gəncədə isə möhtəşəm atmosferlər olur. Bilmirəm, bu danışdıqlarıma kim qulaq asacaq, kim stadiona gələcək.
– Sizcə, sizin arenanız mərkəzdən uzaq məsafədə deyil?
– Buna nə edə bilərəm? Problemi həll edən mən deyiləm. Bu sualı başa düşə bilmirəm. Bakı milyonluq şəhərdir, necə edək, stadionları azarkeşlərin ayağına gətirək? Türkiyədə “Fənərbağça”nın, “Qalatasaray”ın azarkeşlərinin hamısı stadiona yaxın qalır? Sadəcə klubu sevdikləri üçün stadionlara gəlirlər. Tək biz deyilik, məsələn, “Qarabağ” 13 il avrokuboklarda oynadı, liqada nə qədər azarkeş onları dəstəklədi? “Neftçi” ölkənin flaqmanıdır, onların oyunlarında da tribunalar dolmur.
– Fikirlər var ki, “Sabah” icarədə olan futbolçularını özlərinə qarşı oynamağa icazə vermir. Bu barədə nə düşünürsünüz?
– Mənə görə, normal haldır.
Şahin Cəfərov