Dambrauskasın toxunuşlarıyla yazılan yeni tarix

26.08.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan futbolunda yeni tarix yazıldı. “Sabah” debüt mövsümündə Çempionlar Liqasında ardıcıl dörd mərhələ keçməklə əsas raunda vəsiqə qazanan ilk ölkə təmsilçisi oldu.

Pley-off mərhələsinin “Hapoel” (Beer-Şeva) ilə oyununda birinci hissədə səhvlərlə diqqət çəkən “bayquşlar” yekunda xarakter göstərərək, mərhələ adladı. Son saniyələrdə Tellur Mütəllimovun matçı əlavə vaxta aparan qolu qələbənin sözçüsü idi. Psixoloji üstünlüyə yiyələnən “futuristlər” əlavə vaxtda daha iki qol vurmaqla yeni tarixi qızıl hərflərlə yazdı.

Ötən mövsüm Misli Premyer Liqasında çempionluq yaşayan “bayquşlar” sistemli işin bəhrəsini gördü. Bir neçə il əvvəl baş məşqçi Murad Musayevlə təməli qoyulan strategiya özünü doğrultdu. Çempion heyətin “onurğası” qorundu, əlavə bir-iki transferlə də güclənən “futuristlər” nəticələrinin təsadüf olmadığını, qarşısına böyük hədəflər qoyduğunu göstərdi.

İsrail təmsilçisi ilə matçda iki dəfə geriyə düşməsinə rəğmən təslim olmayan “Sabah” mükafatını aldı. İkinci hissədə baş məşqçi Valdas Dambrauskasın etdiyi əvəzetmələr bəhrəsini verdi. Patrik Mbina, Aleksey İsayev, daha sonra  Abdullah Xaybulayevi oyuna qoşan Dambrauskas son dəqiqələrdə də Tellur Mütəllimovu döyüşə atdı. Mütəxəssisin toxunuşları bəhrəsini verdi. Məhz Mütəllimovun kritik qolu ilə oyunda qalmağı bacaran “Bayquşlar” ikinci hissədə orta xəttdə üstünlüyü ələ alaraq matçın taleyini həll etmiş oldu.

Ümumiyyətlə, Dambrauskas məhz bu ekstra gedişləri ilə “Sabah”ı buralara qədər gətirməyi bacarıb. Statistikaya baxsaq, “futuristlər”in kritik məqamlarda vurduğu qollar məhz sonradan oyuna daxil olan futbolçularla bağlıdır. İlk kubok qazanılanda yenə Tellur, ötən mövsüm isə finalda Mbina səhnəyə çıxmışdı.

“Sabah” mövsümə “fırtına” kimi başladı. Liqaya da qələbə ilə start verən Dambrauskasın yetirmələri indidən iddiasını ortaya qoyub. Komanda həm liqada, həm ölkə kubokunda, həm də Çempionlar Liqasında mübarizə aparacaq. Üç cəbhədə “döyüşməyin” müəyyən çətinlikləri var və heyətə 1-2 əlavə güc qatmaqla işin öhdəsindən gəlmək mümkündür.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью