Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniyanın “Barselona” klubunun futbolçusu Dani Olmo qazancının bir hissəsini Xorvatiyada xeyriyyə məqsədilə bağışladığını təsdiqləyib. Belə ki, bu yaxınlarda futbolçunun nümayəndəsi Olmonun maaşının 2 faizini Xorvatiyanın Vukovar şəhərinin xeyrinə bağışladığını açıqlayıb.
İdman.Biz xəbər verir ki, futbolçu xeyirxah addımını özü də təsdiq edib.
“Mən bunun ictimaiyyətə məlum olacağını düşünmürdüm. “Dinamo”dan ayrıldıqdan sonra Xorvatiyaya çox şey borclu olduğumu hiss etdim. Mən də bunun qarşılığında nəsə vermək istəyirdim və Vukovara qazancımın bir hissəsini bağışlamaq qərarına gəldim”, - Olmo jurnalistlərə deyib.
Olmo bu açıqlamanı Xorvatiyanın Split şəhərində Millətlər Liqasının Xorvatiya ilə oyunu öncəsi keçirilən mətbuat konfransında verib və sözləri alqışlarla qarşılanıb.
KİV-in məlumatına görə, Olmonun “Barselona”dakı illik qazancı 15,6 milyon avrodur. Bu məbləğin 2 faizi isə təxminən 300 min avroya(500 min manata) bərabərdir.
Qeyd edək ki, ispaniyalı futbolçu peşəkar karyerasına Zaqreb “Dinamo”sunda başlayıb. Daha sonra “Leypsiq”ə keçən Olmo 2024-cü ildə “Barselona”nın heyətinə qatılıb.