“Danışır Bakı” xalqımızın dünyaya yayılan gur səsi

06.11.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

100 il bundan əvvəl, 1926-cı il noyabrın 6-da efirdə “Danışır Bakı” kəlmələri səsləndi və Azərbaycanda kütləvi dinləyici üçün müntəzəm radio yayımları başladı. Bu, ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında böyük bir hadisə – başlanğıc, bir yenilik idi. O hadisənin yaratdığı təsir günümüzə qədər öz gücünü, ictimai təsirini, əzmini daşıyıb gətirə bildi.

Şərqdə ilk radio olan Azərbaycan Radiosu dünya efirində ilk dəfə 1926-cı il 6 noyabr tarixində “Diqqət, danışır Bakı” sözləri ilə yayımlanıb. Həmin gündən paytaxtın küçə və meydanlarında qurulmuş reproduktorlardan eşidilən səs insanları özünə bağlayıb. Maraqlıdır ki, müntəzəm efir radio verilişləri yayımı Türkiyədə 1927-ci il mayın 6-da, İranda isə 1940-cı il aprelin 24-də başlamışdır.

İlk vaxtlar Bakı radio studiyası efirə sutka ərzində cəmi 4 saat çıxırdı. Azgüclü verici stansiya yalnız uzun dalğalarda, tək bir proqram üzrə işləyirdi. Bakı radiomərkəzinin o dövrdəki “gücünü” təsəvvür etmək üçün belə bir misal gətirək: qovşağın bütün ştatı səlahiyyətli radiotexnik, onun köməkçisi və məsləhətçidən ibarət idi. Verilişlər 2 dildə aparılırdı. Proqrama partiya mətbuatının icmalı, direktiv qərarlar, aktual mövzularda məruzə və mühazirələr, habelə konsertlər və ədəbi qiraətlər daxil idi.

Baki radiostudiyası indiki İstiqlaliyyət küçəsi, 10 unvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının 3-cü mərtəbəsində cəmi 3 otaqda fəaliyyət göstərirdi. Radiostudiya 1929-cu ildə Bakı Baş Poçt-Teleqraf binasına köçdüyü üçün radio əməkdaşlarının iş şəraiti yaxşılaşdı, efirdə patefondan istifadə edilməyə başlandı, mikrafonlar, gücləndirici aparatlar təkmilləşdirildi.İlin sonuna yaxın RV-8 stansiyası istifadəyə verildi. Bundan sonra efirə gedən verilişlərin və proqramların forma və məzmununda dəyişikliklər oldu.

Bakı radiosunun ilk diktorları ixtisasca heykəltaraş olan Yelena Orbeliani (rus dili), Azərbaycan Politexnik İnstitutunun tələbəsi İsmayıl Əlibəyov və Azərbaycan Dövlət Universitetinin tələbəsi Raya İmanzadə (azərbaycan dili) olmuşdur. Sonralar Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Ənvər Həsənov, Aydın Qaradağlı, Sabutay Quliyev, Ramiz Mustafayev və başqaları yerli radioda diktorluq məktəbi yaratdılar.

1929-cu il oktyabrın 15-dən Bakıda radiomərkəzin nəzdində Radio ilə İşçi-Kəndli Universiteti açılır. Radioda “Məsafədə teatr” da yaradılmışdı. Dinləyicilər vacib mövzularında yazılan pyesləri, kompozisiyaları maraqla qarşılayırdılar. O dövrdə rejissorlar – Mustafa Mərdanov və Viktor Rudin bir sıra parlaq radiopyeslər ərsəyə gətirdilər.

Azərbaycan radiosunun təşəkkülündə bəstəkarlar – Üzeyir Hacıbəyli və Müslüm Maqomayev, yazıçılar – Məmməd Səid Ordubadi və Cəfər Cabbarlının xüsusi yeri var. 1929-cu ilin dekabrında yeni “RV-8” radiostansiyasının işə salınması ərəfəsində Müslüm Maqomayev Azərbaycan radiosunun qeyri-rəsmi himninə çevrilən marş bəstələdi.

Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Azərbaycan radiosunda Xalq Çalğı Alətləri Orkestri yaradıldı. İftixarla qeyd etmək lazımdır ki, milli musiqi sənətinin görkəmli nümayəndələri Fikrət Əmirov, Səid Rüstəmov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Ağabacı Rzayeva və bir çox başqaları ilk ustad dərslərini bu orkestrdə mənimsəmişlər.

1936-cı ildə Bakıda 35 kilovat gücündə yeni radiostansiyanın işə salınması ilə Azərbaycan radiosunun verilişləri Qafqazda, Özbəkistanda, Türkmənistanda, hətta Qara dənizin şərq sahillərində eşidilirdi. 1940-cı ilin sonunda ölkə ərazisində radionöqtələrin sayı 51 minə çatdı. 32 rayonda yerli rado verilişləri redaksıyaları fəaliyyətə başladı.

İkinci Dünya müharibəsi illəri Azərbaycan radiosunun fəaliyyəti üçün çox məsuliyyətli bir dövr oldu. Əhali cəbhədəki vəziyyət haqqında Sovinformbüronun məlumatlarını, Dövlət Müdafiə Komitəsinin xəbərlərini səbirsizliklə gözləyirdi. Azərbaycan radiosu respublikanın cəbhəyə köməyindən, arxa cəbhə zəhmətkeşlərinin misilsiz qəhrəmanlığından bəhs edirdi.

Müharibədən sonra Azərbaycan radiosunun inkişafı davam edirdi. 1960-cı ilin noyabrında Bakı – Ağstafa radiorele xətti istifadəyə verildi. 1961-ci ildə Gəncə, Göyçay və Şuşada ötürücü stansiyalar işə düşdü. Azərbaycan radioyayımı inkişafının bütün mərhələlərində, obrazlı desək, həyatla addımlayırdı. Müharibədən sonra onun texniki təchizatı və yaradıcılıq imkanları yaxşılaşması redaksiya işini yeni maraqlı verilişlər və proqramlarla zənginləşdirməyə imkan verirdi.

Azərbaycan radiosu Moskvada, digər müttəfiq respublikaların paytaxtlarında və o dövrün sosializm ölkələrində keçirilən radiofestivallarda respublikamız haqqında rəngarəng proqramlarla çıxış edirdi.

Müstəqillik illərində, 1992-ci il noyabrın 26-dan başlayaraq Azərbaycan Beynəlxalq Radiosu ingilis, fransız, alman və rus dillərində də verilişlər yayımlayırdı. “Azərbaycanın səsi” dövlət yayım siyasətinə və həyata keçirilən son islahatlara əsasən hazırda 12 dildə fəaliyyət göstərir.

Azərbaycan radiosu hazırda 70 illiyini qeyd edən milli televiziya ilə sıx əlaqədə öz təsir dairəsini daim genişləndirir. Radiotexnika, informasiya texnologiyaları, o cümlədən mobil rabitənin inkişafı nəticəsində radio operativ informasiya almağın əlçatan vasitəsinə çevrilmişdir.

Azərbaycan dilinin təmizliyinin qorunmasında, vətənpərvərliyin, tolerantlığın, milli mədəniyyətin təbliğində, eləcə də xalqın və ölkənin tarixinin müxtəlif aspektlərinin, onun daxili və xarici siyasətinin, beynəlxalq həyatın, mühüm ictimai-siyasi hadisələrin obyektiv işıqlandırılmasında radionun xidmətləri böyükdür.

Nizami AĞAYEV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью