Icma.az, Ses qazeti saytına istinadən bildirir.
Dəb naminə seçilən dar şalvar və sıx geyimlər bəzən sağlamlıq problemlərinə yol aça bilər. Dünya mediasında və tibbi mənbələrdə yayımlanan məlumatlara görə, xüsusilə bel və bud nahiyəsini sıxan geyimlər sinirlərə təzyiq göstərərək ağrı, yanma və keyimə yarada bilər.
ABŞ-ın “Cleveland Clinic” və “Mayo Clinic” tibb mərkəzləri dar geyimlərin budun xarici hissəsində hissiyyat sinirini sıxaraq “meralgiya parestetika” adlanan vəziyyətə səbəb ola biləcəyini bildirir. Bu zaman insanda yanma, iynələnmə və keyimə hissi yaranır.
Britaniyanın Milli Səhiyyə Xidməti isə bel nahiyəsini sıxan geyimlərin mədə turşusunun qida borusuna qayıtması - reflüks əlamətlərini gücləndirə biləcəyini qeyd edir. Dar alt paltarlarının kişilərin reproduktiv sağlamlığına təsiri də araşdırılır. Tədqiqatlarda sıx geyimlərin xayaların temperaturunu artıra biləcəyi göstərilsə də, bunun sonsuzluğa birbaşa səbəb olduğu barədə nəticələr də birmənalı deyil.
Mütəxəssislər rahat, bədəni sıxmayan və hava keçirən geyimlərə üstünlük verməyi tövsiyə edirlər. Çünki dəb naminə rahatlıqdan imtina etmək, xüsusilə də geyim ağrı və keyimə yaradırsa, sağlamlıq üçün arzuolunan seçim deyil.