Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) dahi Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq, Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Özbəkistanın dövlət və ictimai xadimləri, ali təhsil müəssisələrinin rəhbərləri, mədəniyyət və incəsənət nümayəndələri, jurnalistlər, Azərbaycan diasporunun təmsilçiləri və gənclər iştirak ediblər.
AMM-nin rəhbəri Akif Marifli Azərbaycan və Özbəkistanın ali rəhbərliyinin siyasi iradəsi, qarşılıqlı etimad və dostluğa əsaslanan münasibətləri sayəsində iki ölkə arasında mədəni-humanitar əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, xalqlarımızın ortaq tarixi, dili, mədəniyyəti və mənəvi dəyərləri üzərində qurulan bu əməkdaşlığın Azərbaycan və Özbəkistan arasında əbədi dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edib.
Akif Marifli Üzeyir Hacıbəylinin Azərbaycan musiqi və teatr sənətinin inkişafındakı müstəsna xidmətlərini qeyd edərək, əsərlərinin Özbəkistanda böyük maraqla qarşılandığını və xalqlarımız arasında mədəni əlaqələrə mühüm töhfə verdiyini bildirib. O, Mədəniyyət Mərkəzi tərəfindən 2025-ci ildə yaradılan “Xarıbülbül” Teatr Truppasının da bəstəkarın irsinin Özbəkistanda təbliğinə xidmət etdiyini vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Mahir Cəfərov ölkəmizin Özbəkistandakı səfiri Dr. Rəşad Məmmədovun tədbir iştirakçılarına ünvanladığı təbrik nitqini çatdırıb. Nitqdə Azərbaycan və Özbəkistan xalqlarını əsrlər boyu formalaşmış tarixi, mənəvi və mədəni bağların birləşdirdiyi, bu möhkəm təməl üzərində iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində uğurla inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, humanitar və mədəni əlaqələr xalqlarımızın daha da yaxınlaşmasında mühüm rol oynayır, qarşılıqlı mədəni layihələr və yaradıcı təşəbbüslər isə Azərbaycan–Özbəkistan qardaşlığının möhkəmlənməsinə və gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Proqram çərçivəsində Mərkəz tərəfindən xüsusi peşakarlıqla süni intellekt vasitəsilə yaradılmış Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən xatirə filmi nümayiş etdirilib.
Tədbirin bədii hissəsində AMM tərəfindən yaradılmış “Xarıbülbül” Teatr Truppası və “Qarabağ Zəfəri” Rəqs Ansamblının birgə iştirakı ilə Üzeyir Hacıbəylinin dünya şöhrətli “Arşın mal alan” operettası təqdim olunub. Tamaşa iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd