Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cavid Fərzəli
Azərbaycan cəmiyyətində qadın olmaq qədimdən qalma daşları çiyinlərində daşımaqdır. Hər daşın altında bir qadağa yatır, bir susmuş dodaq, bir yad gözün qorxusu dayanır. Qəribədir, eybəcər bir daşın altından da çiçək kimi çıxır. Bənövşə kimi zərif, ən beton beyinlərdə bitəcək qədər inadkar.
Bəzən şimaldan gələn çovğun kimi qapıları döyüb, bəzən Xəzərin səhər üzü kimi sahilə toxunub, heç nə demədən geri çəkilib.
Qadın öz evinin divarlarından daha böyük bir dünyadır. Qadını kül otaqlara sığdırmaq istəyiblər, nədənsə ruhunun pəncərələri həmişə ipək küçələrə açılıb.
Təkliyin içində işığını yandırmağı öyrənib.
Çünki bir gün anlayıb: xoşbəxtlik adı altında başqasının onun üçün seçdiyi həyat istismarçıdır.
O gündən qadın həyatının qapısını özü açır. Nə kiminsə qızı olmaqla kifayətlənir, nə kiminsə arvadı, nə də kiminsə anası olmaqla öz adını itirir.
Azərbaycan qadını atadan da, qardaşdan da, ərdən də din silahı ilə güllələnir.
Bu daşların arasından yenə də bir bənövşə boy verir.
Vətən küləyindən də, əsarət küləyindən də, din küləyindən də adını geri alır. Öz bədənini, öz səsini, öz susmağını, öz üsyanını.
Və anlayır ki, azadlıq hər kəsdən icazə almaq kimi yaşamaq tikanlı məftillərə sarılmaqdır. Belə yaşamaq bəzən insanı nəzakət adıyla köləliyə öyrədir.
Azadlıq həyatında başqasının çəkdiyi rəsmlərin divarını uçurmaqdır.
Qadın olmaq bəzən həyatındakı daşlaşmış düşüncələri yerindən oynatmaq, həyatını yerbəyer etməkdir.