Dastan bitməsin deyə...

16.10.2026

Icma.az, 525.az saytına istinadən bildirir.

Ülviyyə HEYDƏROVA

Nümayiş bitdi. Ekranda "İndi isə səhnəyə qəhrəmanlarımızı dəvət edirik" sözləri yazılandan sonra pərdə qalxdı və qəhrəmanlarımızı ayaqüstə alqışlamağa başladıq...

Çox səhnələr görmüşəm, alqışlar eşitmişəm. Amma bu alqışı heç vaxt unutmaram. İnanıram ki, bundan sonra daha nə qədər premyeralarda iştirak edəcəyəm, bəlkə də Heydər Əliyev Mərkəzinin tamaşaçı tutumundan beş-on dəfə böyük olan salonlar görəcəyəm, amma bu cür səmimi alqışları bir də eşitməyəcəyəm. Qəhrəmanlarımızı alqışlaya-alqışlaya o tarixi anı çəkmək üçün telefonumu götürüb ekranı yandıranda heç nə görmədim. Əvvəl elə bildim telefonum xarab olub, bir də yandırıb söndürdüm, gördüm, yox, ekran yenə dumanlıdır. Yan-yörəmə baxıb hər şeyi dumanlı görəndə ağlamaqdan gözlərimə tor gəldiyinin fərqinə vardım. 2020-ci ilin o müqəddəs günündə Ali Baş Komandanımızdan "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" sözlərini eşidəndə də belə olmuşdum. Sevincdən ağlamağın necə olduğunu ilk dəfə o an yaşamışdım. Demə, belə olurmuş ürəkdən ağlamaq... Elə indi də bu cümlələri yazanda gözlərim doldu. Görünür, göz yaşının da yaddaşı var. Olmasaydı, hər o kadra baxanda, hər o cümləni xatırlayanda kövrəlməzdim...

"44" filmi başqa cür necə ola bilərdi ki? Bu, sadəcə mükəmməl çəkilmiş döyüş səhnələri ilə zəngin müharibə filmi deyil, bu, Müzəffər Ordumuzun qəhrəmanlıq dastanıdır. Şanlı Zəfərimizi tərənnüm edən bu ekran əsərində azərbaycanlı hərbçi Rəşadla türkiyəli həkim Zeynəbin sevgisi fonunda qəhrəmanlarımızın şücaətini, əzmini, iradəsini gördük. Dastan elə belə olar da. Xatırlayıram, filmin xronometrajının üç saata yaxın olduğunu ilk dəfə eşidəndə üz-gözümü turşutmuşdum. Amma filmə baxa-baxa fikrimdə yanıldığımı gördüm. Dastanın başlamağı ilə bitməyi bir olmaz ki... İki saat əlli dəqiqə bir göz qırpımında keçməsə də, səmimi deyim ki, dastanın bitməsini istəmirdim. Heç istəmirdim... Bilirdim axı, sonunda Zəfər çalsaq da, yenə ürəyimiz parçalanacaq. Necə ki, müharibəmizin 44-cü günündə də belə olmuşdum. Qələbəyə sevinib, eyni zamanda da şəhidlərimiz üçün göz yaşı tökmüşdüm.

"44" filminə baxa-baxa yaddaşım da təzələndi. Məsələn, filmin əvvəlində "kukuruznikləri" görəndə təəccübləndim. Sonra birdən yadıma düşdü ki, axı müharibənin ilk vaxtlarında köhnə An-2 təyyarələrindən istifadə olunub. "Kukuruznik" taktikasının real kadrları, məncə, müharibə xronologiyasında yoxdur. Varsa da, gözümdən qaçıb. Amma bu əməliyyatı reallığa daha yaxın şəkildə "44" filmi bizə göstərdi. Təkcə bumu? Əlbəttə ki, yox. Ekran əsərinin ilk kadrından sonra 44 günün hər saniyəsində keçirdiyim hissləri bir daha yaşadım. Sanki 2020-ci ilin o isti payızında idim. Müharibəni dərimdə, düyünlənən boğazımda hiss elədim. Xüsusi təyinatlılarla addım-addım Şuşaya doğru irəlilədim, Cıdır düzünə əliyalın qalxdım, amansız düşmənlə əlbəyaxa oldum, güllələndim, yaralandım, şəhid oldum, şəhidin atası, anası, bacısı, yoldaşı oldum. Lap müharibə vaxtı olduğu kimi, yenə də qürurumla təəssüfüm qoşalaşdı. Rəhmsiz düşmənə qalib gəlməyin heç də asan olmadığını "44"də də gördüm.

Film, heç şübhəsiz, komanda işidir. Ən çox da kinodan xəbəri olmayanlar bizi qınayır ki, guya müharibə filmi çəkə bilmirik. Əksinə, bunu əla bacarırıq. Peşəkar komanda olanda, üstəlik də, maddi dəstək veriləndə dünya standartlarından heç də geridə qalmayan ekran işi yarada bilərik. "44"ün o peşəkar komandası bunu kadr-kadr sübut elədi. Bir də ən əsas məsələ niyyətdir. "44"ün niyyəti bəllidir: başda Ali Baş Komandan olmaqla, Müzəffər Ordumuzun 44 gündə qazandığı qələbə haqqında kino diliylə danışmaqdır. Kino lentinin ömrü o qədər uzundur ki, iki yüz ilə yaxındır dünya buna şahidlik edir. Vaxt gələcək, 44 günlük müharibənin son şahidləri də həyatda olmayacaq, amma bu film tarix qədər yaşayacaq. Həmin o illərin tamaşaçıları 2020-ci ilin 27 sentyabrından 8 noyabrına qədər nələr çəkdiyimizi görəcəklər. Film məhz buna görə vacib sənətdir. Çünki o, gələcəyə ötürülən salnamədir.

Yazmışdım axı, nümayiş bitən kimi əllərimizin içi göynəyənə qədər filmin qəhrəmanlarını alqışladıq. O qəhrəmanlar, bilirsiniz, kim idi? Filmdə qəhrəmanların dediyi kimi, Şuşanı görməyən sonuncu nəslin saçları ağarmış, qara geyinmiş anaları idi...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью