Data mərkəzlərini “basdırmaq” istəyirlər KONKRET

12.11.2026

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya Rəqəmsal İnkişaf Nazirliyi (MinTsifry) məlumatların emalı mərkəzlərinin (Data Center) operatorlarına avadanlıqları xaricə köçürmək əvəzinə, ölkə daxilində yeraltı məkanlarda yerləşdirməyi tövsiyə edir.

Bu barədə qurumun rəhbəri Maksut Şadayev CNews Forumunda çıxışı zamanı bildirib. Məlumatı TASS agentliyi yayıb.

“Başa düşürük ki, yerin altına enmək lazımdır. İki variant arasında – xaricə köçmək və ya yeraltı obyektlərdə yerləşmək – seçim etməli olsaq, əlbəttə, bizim mövqeyimiz onların ölkəni tərk etməsi deyil, yerin altına köçməsidir”, – deyə nazir vurğulayıb.

Dron hücumlarına qarşı müdafiə

Bu təşəbbüsün əsas səbəblərindən biri məlumatların emalı mərkəzlərinin pilotsuz uçuş aparatlarının hücumlarından qorunmasıdır. Oktyabr ayında Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın “Yandex”, “Sber” və VK şirkətlərinə məxsus bir neçə data mərkəzinə hücum edib.

Hadisələrdən sonra Rəqəmsal İnkişaf Nazirliyinin sahə üzrə operativ qərargahı data mərkəzlərinin qorunması ilə bağlı yeni tövsiyələr hazırlayıb. Sənəddə belə obyektlərin yeraltında yerləşdirilməsi, binaların havadan görünməsinin məhdudlaşdırılması, xüsusi qoruyucu torlardan və radioelektron mübarizə vasitələrindən istifadə edilməsi təklif olunur.

Bu tövsiyələr təkcə fəaliyyətdə olan data mərkəzlərinə deyil, həm də tikintisi davam edən və layihələndirilən obyektlərə şamil edilir. Eyni zamanda, məlumatların emalı mərkəzlərinin strateji əhəmiyyətinə görə üç kateqoriyaya bölünməsi nəzərdə tutulur.

Rusiyanın “Rostelekom” şirkəti artıq “Norilsk Nikel”lə yeraltı data mərkəzinin yaradılması imkanlarını müzakirə edir. “Vedomosti” qəzetinin noyabrın 2-də danışıqlara yaxın mənbəyə istinadən yaydığı məlumata görə, şirkət məlumatların ehtiyat nüsxələrini ayrıca ərazidə saxlamağı, hesablama güclərini isə bir neçə obyekt arasında bölüşdürməyi də planlaşdırır.

Dövlət üçün ehtiyat resursları

Rusiyada data mərkəzləri ilə bağlı tədbirlər təkcə təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Noyabrın 2-də Vladimir Putin özəl data mərkəzlərinə ərazi və texniki güclərinin 10 faizini dövlətin ehtiyacları üçün ehtiyatda saxlamaq öhdəliyi qoyub.

Bundan sonra Maksut Şadayev operatorlara xəbərdarlıq edib ki, “ağ siyahı”ya daxil edilmiş xidmətlərin fasiləsiz fəaliyyətini təmin etmək üçün bəzi hallarda prioritet hesab edilməyən müştərilərin xidmətlərinin dayandırılması tələb oluna bilər.

Mənbənin məlumatına görə, şirkətlər bu tələbləri yerinə yetirməkdən imtina edərsə, Rusiya hakimiyyəti həmin müəssisələrdə müvəqqəti idarəetmənin tətbiqini də müzakirə edir.

Beləliklə, Rusiyada data mərkəzlərinin təhlükəsizliyi artıq yalnız texniki məsələ deyil, həm də dövlət nəzarəti və milli rəqəmsal infrastrukturun qorunması siyasətinin mühüm istiqamətinə çevrilir. Yeraltı data mərkəzləri ideyası isə ölkənin rəqəmsal sistemini mümkün hərbi hücumlardan qorumaq cəhdlərinin yeni mərhələsi kimi təqdim olunur.

Ağagül Mürsəlov,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью