Davamlı yorğunluq nədən qaynaqlanır?

30.09.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müasir həyat tərzi, sanki, bizi daimi yorğunluğa məhkum edib. Səhərlər oyanarkən üzərimizə çökən görünməz ağırlıq təkcə fiziki halsızlıq deyil, gecə boyunca dincəlməyən zehni gərginliyin də əlamətidir. Doyunca yatsaq və ağır işlər görməsək belə, səhərdən axşama qədər özümüzü taqətdən düşmüş kimi hiss edirik. Bu yorğunluq nə bir gecəlik yuxu ilə keçir, nə də istirahətlə aradan qalxır. Bəs səbəb nədir?

Keçmiş nəsillərin həyatı fiziki baxımdan bizimkindən qat-qat çətin olub. Onlar bütün günü əkin-biçin, heyvandarlıq və digər ağır təsərrüfat işləri ilə məşğul olub, uzun məsafələr qət edib, məişət işlərini hazırkı texniki vasitələrin köməyi olmadan özləri görüblər. Lakin onların həyatı daha sadə və rahat idi – günəşlə oyanır, hava qaralanda yatıb dincəlirdilər. Ən əsası, həmin dövrdə beyin indiki kimi fasiləsiz məlumat axınına məruz qalmırdı, diqqət yalnız ailəni dolandırmaq və sağ qalmaq kimi əsas məsələlər üzərində cəmlənirdi. Beləliklə, yaranan fiziki yorğunluq dərin və sağlam yuxu sayəsində tezliklə aradan qalxırdı.

Zaman keçdikcə dünyanın sürəti kəskin şəkildə artdı və müasir insanın həyatı tamamilə fərqli müstəviyə keçdi. Həyatımızı asanlaşdırmalı olan texnoloji yeniliklər, əksinə, beynimizi fasiləsiz iş rejiminə məcbur etdi. Əvvəllər informasiya məhdud idi, insan gün ərzində yalnız öz ətrafında baş verənləri düşünürdü. İndi isə cibimizdəki kiçik ekranlar vasitəsilə dünyanın digər ucundakı hər hansı bir fəlakətin, problemin və ya xəbərin narahatlığını daşıyırıq.

Sosial media bizə əlaqə vəd etdi, amma nəticədə insan heç vaxt olmadığı qədər tənha qaldı. Barmaqlarımız fasiləsiz olaraq ekran üzərində gəzişsə də, ruhumuz tənhalıqdan qurtula bilmir. Gündə yüzlərlə sima görür, minlərlə fikir oxuyuruq, lakin bunların çox azı bizdə real iz buraxır, çünki bu platformalar dərin münasibətlər üçün yox, diqqəti uzun müddət əsir saxlamaq üçün qurulub.

Bütün bunlarla yanaşı, sabaha olan inamımız da da azalıb. Əvvəllər insanlar ümidlə xəyallar qurar, gələcəyi planlaşdırardılar. Bu gün isə "beş ildən sonra harada olacağam?" sualını verməkdən çəkinirik, çünki cavab qeyri-müəyyəndir və qorxu yaradır. Ümid tədricən əlçatmaz bir arzuya çevrilib, onun yerini isə laqeydlik və bədbinlik alıb. Görəsən, bu gedişlə sonrakı nəsillərin taleyi necə olacaq? Bunun qarşısını almaq mümkündürmü?

Mövzu ilə bağlı fikirlərini bölüşən klinik psixoloq Elvira Tağıyeva müasir insanın yaşadığı xroniki yorğunluğun fiziki fəaliyyətdən daha çox zehni yüklənmə ilə əlaqəli olduğunu söylədi:

– Yorğunluq yalnız fiziki fəaliyyətlə bağlı deyil. Beyin gün ərzində fasiləsiz şəkildə məlumatları emal edir, qərarlar verir, planlaşdırma aparır və emosional reaksiyaları tənzimləyir. Daimi stres, narahatlıq, keyfiyyətsiz yuxu, ekran qarşısında uzun müddət qalmaq və zehni yüklənmə psixoloji yorğunluğa səbəb ola bilər. İnsan fiziki olaraq istirahət etsə də, beyin fəaliyyətini dayandırmır.

Xroniki yorğunluq sindromunun və ya daimi halsızlığın əsas psixoloji səbəbləri arasında uzunmüddətli stress, təşviş, depressiv simptomlar, emosional tükənmə, mükəmməllikçilik, daim özündən yüksək nəticə gözləmək və sərhəd qoya bilməmək mühüm yer tutur. Sosial şəbəkələr də bu prosesə təsir göstərir. Fasiləsiz məlumat axını diqqəti yayındırır, müqayisə hissini gücləndirir və beynin fasiləsiz olaraq yeni stimullara reaksiya verməsinə gətirib çıxarır. Lakin davamlı yorğunluğu təkcə sosial şəbəkələrlə əlaqələndirmək doğru deyil – yuxu pozuntuları, hormonal və digər tibbi amillər də mütləq nəzərə alınmalıdır.

Mütəxəssis insanların hər şeyə olan marağının itirməsinin, daxilən tükənməsinin kökündə dayanan psixoloji və sosial səbəbləri izah etdi:

– Bu vəziyyət sadəcə tənbəllik və ya iradəsizlik kimi qiymətləndirilməməlidir. Uzunmüddətli stres və tükənmə ilə yanaşı, depressiv hallarda maraq və zövq hissinin azalması – anhedoniya müşahidə olunur. İnsan əvvəllər zövq aldığı fəaliyyətlərə belə maraq göstərmirlər. Sosial təcrid, davamlı uğursuzluq hissi və emosional yüklənmə də bu halı gücləndirir.

Keçmiş dövrlərlə müasir dövrün insanlarını müqayisə etdikdə görərik ki, əslində əvvəllər də stres və çətinliklər yaşanırdı, lakin bugünkü əsas fərq davamlı informasiya əlçatanlığıdır. İş günü bitdikdən sonra belə telefon, sosial şəbəkələr və mesajlar vasitəsilə mühitin təsirindən psixoloji olaraq uzaqlaşmaq çətinləşir. Bundan əlavə, müasir insan eyni anda çoxsaylı sosial və peşəkar gözləntiləri idarə etməli olur.

Sonda Elvira Tağıyeva vurğuladı ki, müasir insanın problemini yalnız çox çalışmaqla əlaqələndirmək düzgün deyil. O, bu haldan qurtulmaq və yorğunluğu aradan qaldırmaq üçün aşağıdakı tövsiyələri verdi:

– Bəzən bədənimiz istirahətdə olsa belə, beynimiz və emosional sistemimiz fasiləsiz rejimdə işləməyə davam edir – əsl tükənmə də elə buradan başlayır.

Bu haldan qurtulmaq üçün ilk növbədə problemin kökünü müəyyənləşdirmək lazımdır. Yuxu rejimini bərpa etmək, gün ərzində informasiya və ekran fasilələri yaratmaq, iş və şəxsi həyat arasında sərhəd qoymaq, fiziki hərəkəti artırmaq və gündəlik həyatda zövq verən fəaliyyətlərə vaxt ayırmaq faydalıdır. Əgər tükənmə hissi uzun müddət davam edir, gündəlik ritmi pozur, maraq və motivasiyanın azalması ilə müşayiət olunursa, mütləq mütəxəssisə müraciət etmək lazımdır.

Çünki bəzən, sadəcə, "yorğunluq" dediyimiz süst vəziyyətin arxasında həm psixoloji, həm də tibbi səbəblər dayana bilər.

Elenora HƏSƏNOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью