Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
“Avropanın yenidən böyüməsi üçün investisiya cəlb edən mühit yaratmağın yollarını düşünməliyik”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Euronews”un Direktorlar Şurasının sədri Pedro Varqas David II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı deyib.
O bildirib ki, Qərb ölkələrinin qarşısında bir sıra mühüm çağırışlar dayanır. Onun sözlərinə görə, əsas məsələlərdən biri demokratik sistemlərin dövlət idarəçiliyinə ən yaxşı kadrları cəlb edə bilməsidir.
“Qərbdə liderlik problemi olduğunu düşünürəm. Siyasət daha az cəlbedici olub, ən yaxşı insanlar isə özəl sektorda qalırlar. Bu məsələni həll etməliyik, çünki bu vəziyyət sistemi risk qarşısında qoya bilər”, - deyə P.V.David bildirib.
O, təhlükəsizlik məsələsinin də Avropa üçün yeni əhəmiyyət qazandığını qeyd edib. Davidin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsindən sonra Avropa öz təhlükəsizliyini yenidən nəzərdən keçirir və müdafiə məsələlərində daha çox öz imkanlarına əsaslanmalıdır.
“Avropalılar bunu edəcəklər və Avropa ölkələr arasında suverenliyin bölüşdürülməsinin dünyaya nümunə olan ən yaxşı layihəsi olaraq qalacaq”, - deyə o vurğulayıb.
P.V.David bildirib ki, Avropa uzunmüddətli planlaşdırma, islahatlar və liderlik vasitəsilə fundamental iqtisadi artım əldə edən digər ölkələrin təcrübəsinə də nəzər salmalıdır.
O qeyd edib ki, Avropa süni intellekt sahəsində geridə qalır və qlobal iqtisadiyyatda mövqeyi ilə bağlı fundamental suallara cavab verməlidir.
“Biz süni intellekt qatarını qaçırdığımızı demək istəmirəm, amma Avropa bu sahədə, şübhəsiz ki, geridə qalır”, - deyə David bildirib.
Onun sözlərinə görə, Avropanın qlobal iqtisadiyyatda yalnız tənzimləyici mərkəz rolunu oynaması kifayət deyil.
P.V.David Azərbaycanda həyata keçirilən islahatların və qeyri-neft sektorunda baş verən artımın da diqqətəlayiq olduğunu deyib.
“Azərbaycanda islahatların necə aparıldığına, investisiyaların necə cəlb edildiyinə və qeyri-neft sektorunda baş verən artıma baxmalıyıq. Bu, bunun mümkün olduğunu göstərir”, - deyə o qeyd edib.
David əlavə edib ki, Avropa güclü mövqeyini qorumaq üçün iqtisadi artımı dəstəkləyəcək və investisiyaları cəlb edəcək amilləri nəzərdən keçirməlidir.
Zeynəb Rzayeva