Davos diplomatiyası: Yeni dünya nizamında Azərbaycan Əhliman Əmiraslanov

23.01.2026

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezidenti İlham Əliyevin Davosda yanvarın 20–22-də Ümumdünya İqtisadi Forumu çərçivəsində keçirdiyi yüksəksəviyyəli görüşlər ölkəmizin regional və qlobal siyasətdə artan rolunu nümayiş etdirdi.

Dövlətimizin başçısının ABŞ və Avropa İttifaqı liderləri ilə birbaşa təmasları, eləcə də “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak etməsi Azərbaycanın etibarlı tərəfdaş kimi güclü mövqeyini göstərdi. Azərbaycanın qlobal iqtisadi sistemdə mövqelərinin möhkəmləndirilməsi, milli maraqların beynəlxalq müstəvidə təşviqi və yeni iqtisadi imkanların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Davos Forumu qlobal iqtisadi gündəliyin müəyyənləşdirildiyi aparıcı platformalardan biri kimi dövlətlərə öz inkişaf strategiyalarını təqdim etmək, beynəlxalq investorlarla birbaşa dialoq qurmaq və uzunmüddətli tərəfdaşlıqlar üçün etibarlı zəmin yaratmaq imkanı verir. Davos Forumu eyni zamanda, Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi artan rolunun beynəlxalq ictimaiyyətə çatdırılması üçün də əlverişli tribuna rolunu oynayır. “Şərq–Qərb” və “Şimal–Cənub” nəqliyyat dəhlizləri üzrə həyata keçirilən layihələr ölkənin tranzit potensialını artırmaqla yanaşı, regionda iqtisadi əməkdaşlığın dərinləşməsinə xidmət edir. Forum çərçivəsində keçirilən ikitərəfli görüşlər və yüksəksəviyyəli müzakirələr Azərbaycanın enerji, nəqliyyat-logistika, sənaye və rəqəmsal iqtisadiyyat sahələrində yeni investisiya imkanlarını beynəlxalq biznes dairələrinin diqqətinə çatdırır. Xüsusilə enerji təhlükəsizliyi məsələlərinin qlobal gündəmdə olduğu bir dövrdə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolu Davos platformasında bir daha ön plana çıxarılır. Eyni zamanda, Prezident İlham Əliyevin çıxış və görüşlərində Azərbaycanın iqtisadi diversifikasiya strategiyası, qeyri-neft sektorunun inkişafı, sənaye parkları və azad iqtisadi zonaların fəaliyyəti xüsusi vurğulanır. Bu yanaşma ölkəyə xarici kapitalın cəlb olunması ilə yanaşı, müasir texnologiyaların transferi və yeni istehsal sahələrinin yaradılması baxımından da mühüm perspektivlər açır. Cənab Prezident İlham Əliyev milli maraqları da hər zaman beynəlxalq siyasi konyunkturadan üstün tutub.

Bu mənada yanvarın 20-də Davos Ümumdünya İqtisadi Forumunun müvafiq panel iclasında Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş: “Ölkə və onun gələcəyi ilə bağlı aydın baxışa malik olduqda, gücə sahib olduqda və vahid mövqedən çıxış edən cəmiyyətin olduğu təqdirdə haqqınızda və gördüyünüz işlər barəsində kimin nə dediyinin və nə məqalə dərc etdirməsinin heç bir əhəmiyyəti yoxdur”, - sözləri iradəli, müstəqil, uzaqgörən və müdrik milli-siyasi düşüncə kimi dəyərləndirilməlidir. Azərbaycan Prezidenti cənab ilham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü dünyanın ən aparıcı ölkəsi ilə əlaqələrimizin uğurlu inkişafının göstəricisi olmaqla yanaşı, dövlətimizin başçısına dünya liderlərinin hörmət və ehtiramının təzahürüdür. Təbii ki, Azərbaycan ilə ABŞ arasında yüksəksəviyyəli siyasi dialoq iki ölkənin əlaqələrinin inkişafına, əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcək.

Xüsusilə qeyd olunmalıdır ki, cənab Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində “Euronews” televiziya kanalına verdiyi müsahibə Azərbaycanın regional gücdən qlobal dialoq iştirakçısına çevrildiyini nümayiş etdirən mühüm siyasi mesajlarla yadda qaldı. Müsahibə təkcə ölkəmizin mövcud reallıqlarını təqdim etməklə kifayətlənməyib, eyni zamanda, Azərbaycanın gələcək inkişaf strategiyasını, beynəlxalq münasibətlərdə tutduğu balanslı mövqeyini və yeni geosiyasi reallıqlara baxışını aydın şəkildə ortaya qoydu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müsahibəsində bildirdiyi kimi, “Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Bu gün ölkəmizin əsas məqsədi regionda əbədi sülhün bərqərar olmasıdır. Bu, bölgənin davamlı inkişafı üçün olduqca vacibdir.” 

Davos İqtisadi Forumu Prezident İlham Əliyevin siyasi liderliyinin qlobal miqyasda təsdiqləndiyi, Azərbaycanın isə beynəlxalq sistemdə möhkəm yer tutduğunu nümayiş etdirdi. Azərbaycan artıq qlobal gündəliyi izləyən deyil, bu gündəliyin formalaşmasına təsir göstərən dövlətlər sırasındadır.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью